...

Millət vəkili Fazil Mustafa hazırda həkim nəzarətindədir - TƏBİB

Gündəm Materials 29 Mart 2023 01:19 (UTC +04:00)
Millət vəkili Fazil Mustafa hazırda həkim nəzarətindədir - TƏBİB
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Sui-qəsd nəticəsində güllə yarası alan millət vəkili Fazil Mustafa hal-hazırda TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzdədir və ona bütün zəruri tibbi yardımlar göstərilir.

Bunu Trend-ə açıqlamasında TƏBİB-in İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Zamirə Adilova deyib.

O bildirib ki, millət vəkili əməliyyat olunub, vəziyyəti stabildir: "Hazırda onun vəziyyəti stabildir, həyati təhlükəsi yoxdur. Diaqnozu sağ çiyin və sol budun aşağı nayihələrini dəlib keçən güllə yarasıdır. Hazırda millət vəkili həkim nəzarətindədir".

Xatırladaq ki, 28 mart 2023-cü il tarixdə saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti