Füzuli. Trend:
2026-cı ilə qədər Füzuli şəhərinə təxminən 8 min, ümumilikdə Füzuli rayonuna 22 minə yaxın keçmiş məcburi köçkünün köçürülməsi nəzərdə tutulub.
Bu barədə Trend-ə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini, Şəhərsalma məsələləri üzrə işçi qrupunun rəhbəri Namiq Hümmətov deyib.
O qeyd edib ki, Füzuli şəhərində MİDA tərəfindən ilk yaşayış məhəlləsinin inşası çox sürətlə gedir.
"Həmçinin Özbəkistan Respublikası tərəfindən 960 yerlik məktəbin və Qazaxıstan Respublikası tərəfindən uşaqlar üçün Kurmanqazı adına Yaradıcılıq İnkişaf Mərkəzinin inşası sürətlə gedir. Yaxın zamanlarda şəhər xəstəxanasının, mərkəzi parkın və Füzuli uşaq bağçasının tikintisinin başlanması nəzərdə tutulur. Paralel olaraq Füzuli rayonunda 3 kəndin - Pirəhmədli, Dədəli, Dövlətyarlı kəndinin tikinti işləri qısa müddətdə başlanılacaq. Ümumilikdə 2026-cı ilə qədər 10 kəndin bərpası nəzərdə tutulub" - N.Hümmətov vurğulayıb.
Onun sözlərinə görə, MİDA tərəfindən inşa edilən ilk yaşayış məhəlləsi 846 mənzildən ibarətdir:
"Ümid edirik ki, 2024-cü ildə Füzuli şəhərinə keçmiş məcburi köçkünlərimiz qayıdacaq. 846 mənzilə təxminən 3 min nəfər keçmiş məcburi köçkünün köçürülməsi nəzərdə tutulub. 2026-cı ilə qədər Füzuli şəhərinə təxminən 8 min, ümumilikdə Füzuli rayonuna 22 minə yaxın keçmiş məcburi köçkünün köçürülməsi nəzərdə tutulub", - deyə komitə rəsmisi əlavə edib.