Bakı. Trend:
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və Elektrikquraşdırma Müəssisəsinin Xocavənddə və Laçında həlak olan əməkdaşları mülki şəxs olduqları üçün onlara şəhidlik statusunun verilməsi məsələsinə qeydiyyatda olduqları yerli icra hakimiyyəti orqanları tərəfindən baxılacaq.
Bu barədə Trend-ə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov məlumat verib.
Qeyd edək ki, sentyabrn 19-da səhər saat 4 radələrində yeni inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus və sözügedən yolda çalışan “Howo” markalı yük maşını tank əleyhinə minaya düşüb. Nəticədə agentliyin 2 əməkdaşı - 21.11.1970-ci il təvəllüdlü Sadıxov Samir Sabiroviç və 02.05.1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu həlak olublar. Eyni gündə, qeyd edilən terrorun baş verdiyi əraziyə yola düşən Daxili İşlər Nazirliyinin 4 əməkdaşı - 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində - Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minaya düşərək həlak olublar.
Bundan başqa, sentyabrın 19-da saat 09 radələrində Laçın rayonu Mollalar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qeyd edilib ki, “Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində "Azərenerji"nin əməkdaşları – Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu həyatlarını itiriblər. Hadisə nəticəsində həlak olanlar ərazidə podrat işləri həyata keçirən Elektrikquraşdırma Müəssisəsinin əməkdaşlarıdır.