Bakı. Trend:
ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA) "Tesla" avtomobillərinin idarə panelindəki xəbərdarlıq işıqlarının üzərindəki yazı ölçüsünün çox kiçik olduğunun müəyyən edildiyini və bu səbəbdən 2,2 milyon "Tesla" avtomobilini geri çağırdığını açıqlayıb.
Trend-in məlumatına görə, ABŞ təhlükəsizlik tənzimləyiciləri tərəfindən yayımlanan sənədlərə əsasən, geri çağırma onlayn proqram yeniləməsi vasitəsilə həyata keçiriləcək.
Siyahıya 2012-2023 "Model S", 2016-2023 "Model X", 2017-2023 "Model 3", 2019-2024 "Model Y" və 2024 "Cybertruck" modelləri daxildir. Agentlik qeyd edir ki, əyləc, dayanacaq və əyləc əleyhinə xəbərdarlıq işıqları federal təhlükəsizlik standartlarının tələb etdiyindən daha kiçik şrift ölçüsünə malikdir.
Bu vəziyyətin kritik təhlükəsizlik məlumatlarının oxunmasını çətinləşdirərək toqquşma riskini artıra biləcəyi bildirilir. "Tesla", 30 Martdan etibarən nəqliyyat vasitələri sahiblərini məktubla məlumatlandıracaq. ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA), problemi yanvarın 8-də müntəzəm təhlükəsizlik uyğunluğu yoxlaması zamanı aşkar etdiyini bildirib.
Qeyd edək ki, "Tesla" bu günə qədər problemlə bağlı qəza və ya xəsarətlər barədə məlumat verməyib.