Bakı. Trend:
Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul üçün müraciətlərin müddəti yeni regional sənəd qəbulu mərkəzlərində 30 may 2025-ci il tarixinədək uzadılıb.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, namizədlərin regional sənəd qəbulu mərkəzlərinə yaxınlaşaraq sənədlərini təqdim etmələri yetərli hesab olunur. Sənəd qəbulu mərkəzləri Gəncə, Kürdəmir, Masallı, Beyləqan, Goranboy, Bərdə və Quba şəhərlərində yerləşən Dövlət Məşğulluq Agentliyinin məşğulluq filiallarında və xidmət şöbələrində, Bakı şəhərində isə Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda (Ünvan: Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi 9a) fəaliyyət göstərəcək.
Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları
“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların
hazırlığı kursu”na ən azı ümumi orta təhsilli, müddətli həqiqi
hərbi xidmətini başa vurmuş, 35 yaşınadək hərbi vəzifəlilər,
eləcə də Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət
hərbi qulluqçusu kimi xidmət etmiş, “Hərbi xidmətkeçmə haqqında
Əsasnamə”nin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa
çatdığına görə) və “q” bəndinə (ştat ixtisarına görə) müvafiq
olaraq ordu sıralarından ehtiyata buraxılmış 40 yaşı tamam
olmayan hərbi vəzifəlilər qəbul edilir.
Kursa qəbul olmaq üçün müraciət etmiş namizədlər hərbi xidmətə
yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə qəbul
komissiyası tərəfindən Müdafiə Nazirliyinin müvafiq tibb
müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyasının qərarına
əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər müsabiqə
mərhələsinə buraxılırlar.
Namizədlər müsabiqə mərhələsində fərdi-psixoloji və fiziki
hazırlığı, ümumi bilik səviyyəsi, hərbi uçot və mülki ixtisası
(olduğu halda), peşə səriştəsi nəzərə alınmaqla ixtisas seçimi
imkanı yaradılaraq kursa qəbul edilirlər.
Xidmətə təyinat zamanı, kursu müvəffəqiyyətlə başa vurmuş şəxslərə
bölgələr üzrə xidmət yerlərinin seçilməsi üçün azad seçim imkanı
təqdim edilir.
Tələb olunan sənədlər:
- kursa qəbul olunmaq barədə ərizə;
- anket forması;
- tərcümeyi-hal (1 nüsxədə);
- təhsil haqqında sənədin surəti (1 nüsxədə);
- doğum haqqında şəhadətnamənin surəti (1 nüsxədə);
- yaşayış yeri və ailə tərkibi haqqında arayış (1 nüsxədə);
- əlavə peşə və ya ixtisasınız varsa təsdiqedici sənədlərin surəti
(diplom, sertifikat, şəhadətnamə və s.);
- şəxsiyyət vəsiqəsinin surəti və ya yeni nəsil şəxsiyyət
vəsiqəsindən çıxarış (1 nüsxədə);
- sürücülük vəsiqəsinin surəti (əgər varsa, 1 nüsxədə);
- nikah haqqında şəhadətnamənin surəti (evli olduqda, 1
nüsxədə);
- həyat yoldaşının və uşaqların şəxsiyyət vəsiqələrinin surəti (1
nüsxədə);
- rəngli fotoşəkil (baş geyimsiz, anfas, 6 ədəd 3x4 sm, 2 ədəd
4.5x6 sm və 3 ədəd 9x12 sm);
- hərbi biletin bütün vərəqlərinin surəti (notarial qaydada təsdiq
olunmuş, 1 nüsxədə);
- psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi
dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmaması
haqqında arayışlar.
İmtiyazlar:
Kurs müddətində
- əşya, ərzaq, tibbi, yaşayış yeri (yataqxana) həmçinin aylıq pul
təminatı.
Xidmət müddətində
- kiçik çavuş, çavuş, baş çavuş rütbəsinin verilməsi;
- xidməti mənzil və ya müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün
pul kompensasiyasının təmin edilməsi;
- il ərzində birdəfəlik verilən maddi yardım, növbəti məzuniyyətə
çıxarkən əlavə pul təminatı, qüsursuz hərbi xidməti nəzərə
alınmaqla əsas vəzifə və rütbə maaşının iki misli həcmində
birdəfəlik pul mükafatı;
- ailə üzvləri üçün güzəştli tibbi təminat;
- güzəştli ipoteka krediti;
- Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət
etdikdə dövlət vəsaiti hesabına mənzillə təmin olunması;
- karyerada inkişaf.
Qeyd: Müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.
Əlaqə məlumatları:
Telefon: (012) 404-18-45
Çağrı mərkəzi: *0811