Azərbaycan, Bakı, 2 may /Trend, müxbir K.Zərbalıyeva/
Gəncədə polis əməkdaşı xidməti silahı ilə özünü öldürüb.
Gəncə şəhər prokurorluğundan bazar ertəsi Trend-ə verilən məlumata görə, mayın 2-də Gəncə Regional Mühafizə İdarəsinin serjantı, Samux rayon sakini, 43 yaşlı Nəsibov Yolçu Eldar oğlu ehtiyatsızlıqdan xidməti tapança ilə özünə xəsarət yetirib.
Nəsibov bu gün səhər saatlarında növbəni təhvil alarkən "Makarov" tipli tapançadan güllə açılıb. Qarın nahiyəsindən xəsarət alan polis xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan adam öldürmə (124.1-ci) maddəsi ilə cinayət işi başlanıb.