Bakı. Trend:
Avqustun 16-sı saat 20:21-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, “Savalan” yaşayış sahəsində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Trend-ə verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Sabunçu rayon Polis İdarəsinin və Səhiyyə Nazirliyinin Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (103 xidməti) əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Bakı şəhər Baş Polis İdarəsinin Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 50 mm-lik minaatan mərmisi (O-822) aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Minaatan mərmisinin ətrafında 50 kv.m əraziyə yerüstü, 10 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 16 avqust 2020-ci il tarixlərində 252 siqnal (əməliyyat çağırışı) əsasında 227 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Hacıqabul, Xaçmaz, Xızı, Xocavənd, İmişli, Qazax, Quba, Sabirabad, Salyan, Şabran, Şəmkir, Tərtər, Tovuz, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran şəhərləri ərazisində 26 ev və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq və əkin sahələrinə, məişət tullantıları ərazisinə, qəbirstanlığa, çay sahilinə baxış keçirilib, 488 ədəd partlamamış hərbi sursat (PHS), 11 ədəd piyada əleyhinə mina, 23 ədəd tank əleyhinə mina və 18 601 ədəd müxtəlif çaplı patronlar zərərsizləşdirilib, 81 530 kv.m ərazi yerüstü və 13 007 kv.m ərazi yeraltı yoxlanılıb.