Bakı. Trend:
Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə əsasən Gürcüstan Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində ölkəmiz ərazisində cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü Azərbaycan Respublikasına ekstradisiya edilməsi barədə sorğu edilib.
Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, Abşeron rayon prokurorluğunun icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Bağırov Nurlan Şükür oğlunun – qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusi amansızlıqla adam öldürmə əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Nurlan Bağırov barəsində beynəlxalq axtarış elan edilib.
Axtarışda olan şəxsin Gürcüstan Respublikası ərazisində yerinin müəyyən edilməsi əsası ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Gürcüstan Baş Prokurorluğuna sorğusu təmin edilməklə Nurlan Bağırov avqustun 5-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilib.