Bakı. Trend:
Yəmənin üsyançı "Ənsar Allah" hərəkatındən olan husilər Qırmızı və Aralıq dənizlərində dörd ticarət gəmisinə hücum edib.
Trend-in məlumatına görə, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Sariya bildirib.
Onun sözlərinə görə, husilər "İraq İslam Müqaviməti" ilə birlikdə Aralıq dənizində İsrailin Hayfa limanına gedən "Waler" neft tankerinə hücum ediblər. O bildirib ki, gəmi Fələstinin limanlarına keçid qadağasını pozduğu üçün hücuma məruz qalıb.
Bundan əlavə, husilərin nümayəndəsi Aralıq dənizində “Johannes Maersk” konteyner gəmisinə, eləcə də Qırmızı dənizdə maye kimyəvi yük daşıyan “Delonix” tankerinə və “Ioannis” yük daşıyıcısına hücumların edildiyini açıqlayıb.