Azərbaycan, Gədəbəy / Trend , müxbir G.Raqifqızı/ Gədəbəy rayonunda bazar günü axşam saatlarında intihar hadisəsi baş verib. Trend in bölgə müxbirinin sözlərinə görə, rayonun Arıxdam kənd sakini 1986-cı il təvəllüdlü Şəfiqə Məzahir qızı Mehdiyeva özünü yaşadığı evin həyətində olan mal-qara tövləsinin tavanından asıb.
Gədəbəy rayon Polis İdarəsinin rəis müavini Fəzail Məmmədov bazar ertəsi deyib ki, ilkin araşdırmalar və mərhumun ailəsinin söylədiklərinə görə, hadisə ailə münaqişəsi zəminində baş verib.
"Mehdiyevanın anası iki il əvvəl ailə quran qızının bir ay bundan əvvəl həyat yoldaşı ilə aralarında baş vermiş münaqişə nəticəsində ayrıldığını və dünən axşam saatlarında yoldaşının sərxoş halda gəlib səkkiz aylıq övladını götürüb aparmasından sonra dözməyib intihar etdiyini söyləyib" - deyə rəis müavini bildirib.
Məmmədov hazırda mərhumun yoldaşının polis tərəfindən saxlanıldığını və prokurorluqda dindirilmələr aparıldığını bildirib.
Gədəbəy paytaxt Bakıdan 400 kilometr qərbdə yerləşir.