Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir X.Murtuzayeva/
Bizim hər birimizdə yuxululuq hissinin işə mane olduğu xoşagəlməz anlar olur. Diqqət yayınır, göz qapaqları bağlanır, baş işləmir. Adətən bu zaman kofe və şirniyyat kara gəlir. Axı geniş yayılmış ehtimallara görə, zəifləmiş orqanizmə məhz güclü qlükoza porsiyası lazımdır. Lakin britaniyalı dietoloqlar belə qənaətə gəliblər ki, heç bir şirniyyat oyatma effektinə görə toyuq yumurtası ilə müqayisəyə gələ bilməz. Trend-in məlumatına görə, bu barədə "The Daily Mail" xəbər verir.
Son tədqiqatların nəticələri göstərib ki, yumurtanın ağından alınan proteinlər gümrahlaşmağa və diqqətin yaxşı konsentrasiyasını saxlamağa imkan verir. Bununla yanaşı, o, orqanizm üçün xüsusilə şokoladdan, peçenyedən və digər şirniyyatlardan əldə olunan karbohidratlardan daha faydalıdır.
Kembric Universitetinin mütəxəssisləri müxtəlif qida maddələrinin baş beyin hüceyrələrinə necə təsir etdiyini araşdırıblar. Müəyyən olunub ki, öz xassələrinə görə yumurta ağı ilə eyni olan qida qarışığının orqanizmi kaloriləri sürətlə yandırmağa vadar edən və gümrahlığın açarı kimi xidmət göstərən oreksin stimulyatorunun istehsalını aktivləşdirir. Lakin şəkər tərkibli qarışıq isə əksinə, təbii enerjinin istehsalının qarşısını alır.
Bir çoxlarının yumurtanı "ağır və hətta ziyanlı" hesab etmələrinə baxmayaraq, dietoloqlar bu ehtimalları puç ediblər. Britaniyadakı Qidalanma Fondunun mütəxəssislərinin bu yaxınlardakı araşdırmaları göstərib ki, yumurtanın tərkibindəki xolesterin ürək xəstəlikləri riskinin artmasına minimum təsir göstərir. Ekspertlər hesab edirlər ki, orqanizmdə xolesterinin səviyyəsinin artmasının əsas günahkarı doymuş yağlar, siqaret çəkmə və fiziki aktivliyin çatışmazlığıdır. Halbuki toyuq yumurtası yüksək keyfiyyətli zülal mənbəyi kimi çıxış edir, zərərli yağlara isə, demək olar, malik deyil.