Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir İlkin İzzət/
Göyərçinlər illərdir atanın hobbisi, oğulun gəlir yeridir.
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, söhbət Ağstafanın Dağ Kəsəmən kəndində yaşayan Bayramovlar ailəsindən gedir.
Kənd sakini Şaiq Bayramov 40 ildən artıqdır müxtəlif cinsli göyərçinlər saxlayır. Vaxtilə Tovuzdan aldığı bir cüt quşu illərdir artıraraq onların sayını 100-ə çatdırıb.
Atasının hobbisini hazırda oğlu Rövşən Bayramov davam etdirir. Onun sözlərinə görə, göyərçin saxlamaqla yaxşı qazanc əldə etmək mümkündür. Belə ki, onun bəslədiyi quşların qiyməti 100-150 manat arasında dəyişir.
Şaiq kişi isə bəzi insanların bu quşları düzgün qiymətləndirə bilmədiyinə təəssüflənir. Hətta elə məqamlar yaranır ki, quşlar satıldıqdan sonra yenidən Ağstafanın Dağ Kəsəmən kəndinə qayıdır.
Onun sözlərinə görə, göyərçinlərin ən böyük düşməni qırğılar hesab olunur. Ani diqqətsizlik bu gözəl quşların məhvinə səbəb ola bilər.