...

AZAL veteranlara pulsuz aviabilet təqdim edəcək

Maraqlı Materials 31 Mart 2016 10:10 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" (AZAL) 9 May - Böyük Vətən müharibəsində Qələbənin 71-ci ildönümünə həsr olunmuş yeni aksiyanın başlanması barədə elan edir.
AZAL veteranlara pulsuz aviabilet təqdim edəcək

Bakı. Trend:

"Azərbaycan Hava Yolları" (AZAL) 9 May - Böyük Vətən müharibəsində Qələbənin 71-ci ildönümünə həsr olunmuş yeni aksiyanın başlanması barədə elan edir.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aksiya çərçivəsində Sovet İttifaqı qəhrəmanları və SSRİ Şöhrət Ordeninin 3 dərəcəsi ilə təltif olunan şəxslər, I, II və III qrup Böyük Vətən müharibəsi əlilləri və iştirakçıları, Böyük Vətən müharibəsində yaralanan, kontuziya alan və həlak olan hərbi qulluqçuların dul arvadları AZAL-ın marşrut şəbəkəsinin istənilən istiqamətinə pulsuz aviabilet əldə edə biləcəklər. Aksiya çərçivəsində pulsuz aviabilet həmçinin onları müşayiət edən bir sərnişin üçün də nəzərdə tutulmuşdur.

Aksiya çərçivəsində aviabiletlərin rəsmiləşdirilməsinə 11 aprel tarixindən başlanılacaq. Gediş tarixi mayın 3-dən 12-dəkdir. Geri dönüş tarixi isə sərnişinlərin istəyindən asılıdır.

"İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Azərbaycan xalqının böyük xidməti vardır. Biz bu Qələbəni bizə hədiyyə edənlərə böyük hörmətlə yanaşırıq. Azərbaycanın milli aviadaşıyıcısı üçün veteranlara uçuşlar yerinə yetirdiyimiz istənilən şəhərdə olmaq imkanı yaratmaq böyük şərəfdir", AZAL QSC-nin vitse-prezidenti Eldar Hacıyev bildirmişdir.

Veteranlar aviabiletləri AZAL-ın kassalarında, həmçinin aviaşirkətinin xarici dövlətlərdəki nümayəndəliklərində rəsmiləşdirə bilərlər. Bu aksiya çərçivəsində aviabilet əldə etmək üçün Böyük Vətən müharibəsi veteranları kateqoriyasına mənsub olduğunu təsdiqləyən sənəd təqdim olunmalıdır.

Aksiya şərtləri və qaydaları ilə bağlı ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlamaq olar:

(+99412) 598-88-80; *8880

E-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti