Azərbaycan, Bakı, 12 sentyabr / Trend , müxbir C.Babayeva/ ABŞ Minsk Qrupunun mövcud formatda fəaliyyət göstərəcəyinə ümid edir, - cümə günü jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi deyib.
"ABŞ Minsk Qrupu formatında işi qətiyyətlə davam etdirmək niyyətindədir. ABŞ münaqişənin dinc yolla həll edilməsinin tərəfdarıdır", - o bildirib.
Onun sözlərinə görə, yaxın vaxtlarda Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayzanın Azərbaycana səfəri gözlənilir.
"ABŞ-ın əvvəllər bəyan etdiyi kimi, indi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün əlverişli vaxtdır. Münaqişə sülh yolu ilə Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında həll edilməlidir", - səfir bildirib.
Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü torpaq iddiaları nəticəsində iki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə başlayıb. Dağlıq Qarabağı və ona bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.1994-cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəs haqqında razılıq əldə olunub. Tərəflər indiyədək müvəffqəqiyyətsiz sülh danışıqları aparırlar.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün vasitəçi kimi üç ölkənin - ABŞ, Rusiya və Fransanın həmsədri olduğu Minsk Qrupu çıxış edir.