...

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması erməni icması ilə ikitərəfli görüşlərə hazırdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 İyul 2009 13:54 (UTC +04:00)
“Bütün müharibələrin sonu sülh sazişlərinin imzalanması ilə nəticələnir. Biz də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyiriksə, bütün imkanlardan istifadə etməliyik”, - çərşənbə günü Trend News-a Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov bildirib.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması erməni icması ilə ikitərəfli görüşlərə hazırdır

Azərbaycan, Bakı, 22 iyul / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bölgənin erməni icması ilə ikitərəfli görüşlərə hazırdır.

"Bütün müharibələrin sonu sülh sazişlərinin imzalanması ilə nəticələnir. Biz də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyiriksə, bütün imkanlardan istifadə etməliyik", - çərşənbə günü Trend -a Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov bildirib.

Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Dağlıq Qarabağın azərbaycanlı icmasının ilk rəhbəri Şuşanın mərhum icra başçısı Nizami Bəhmənov olub. ATƏT Şurası 1992-ci il martın 24-də Dağlıq Qarabağın seçilmiş və digər nümayəndələrini sülh danışıqlarında maraqlı tərəf kimi tanıyıb. Bəhmənov ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan sülh danışıqlarında Dağlıq Qarabağın azərbaycanlı icmasını da həmin ildən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı kimi təmsil edib. Şuşa Dağlıq Qarabağda azərbaycanlıların ən çox yaşadığı rayon olduğundan onun icra başçısı icmanın rəhbəri statusu almışdı.

Səfərovun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünə razılığı olarsa, onlar buna hazırdırlar: "Digər tərəfdən, dünyanın bütün dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar. Dağlıq Qarabağ isə bizim doğma yurd-yuvamızdır. Biz öz ev-eşiyimizə qayıtmaq üçün əlimizə düşən hər bir fürsətdən istifadə etməliyik, oturmaqla problemi həll etmək mümkün olmayacaq", - icma rəhbəri əlavə edib.

Onun fikrincə, ziyalıların vaxtaşırı səfərlərinin, icmaların baş tutması gözlənilən görüşlərinin münaqişənin sülh yolu ilə nizamlanması üçün dövlət başçıları səviyyəsində aparılan danışıqlar prosesinə yalnız müsbət təsiri ola bilər.

Trend -un arayışı: İyunun 5-də Dağlıq Qarabağın azərbaycanlı icmasının ilk qurultayı keçirilib. Qurultayda Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi yenidən formalaşdırılaraq Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyi adlandırılıb. Şuşa rayon icra hakimiyyətinin başçısı Bayram Səfərov qurultayda icmanın rəhbəri seçilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti