...

Azərbaycan ombudsmanı Şuşanın işğalı ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 May 2010 15:41 (UTC +04:00)
Ombudsman Aparatının mətbuat xidmətindən cümə axşamı Trend-ə daxil olan məlumatda deyilir ki, müraciətdə ombudsman Elmira Süleymanova erməni terrorçuları və onların havadarlarının tezliklə cinayət məsuliyyətinə cəlb edilməsini beynəlxalq təşkilatlardan tələb edir.
Azərbaycan ombudsmanı Şuşanın işğalı ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan ombudsmanı Şuşanın işğalının 8-ci ildönümü ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.

Ombudsman Aparatının mətbuat xidmətindən cümə axşamı Trend-ə daxil olan məlumatda deyilir ki, müraciətdə ombudsman Elmira Süleymanova erməni terrorçuları və onların havadarlarının tezliklə cinayət məsuliyyətinə cəlb edilməsini beynəlxalq təşkilatlardan tələb edir.

"Beynəlxalq təşkilatların məlum münaqişənin həllinə yönəlmiş səyləri ikili standartlara yol vermədən, beynəlxalq hüquq norma və prinsiplərinə uyğun həyata keçirilməli, monoetnik dövlətə çevrilmiş Ermənistan işğalçı, təcavüzkar etnik təmizləmə siyasətindən, ərazi iddialarından əl çəkərək, qəbul edilmiş mühüm sənədlərin müddəalarını yerinə yetirməli, ölkəmizin ərazi bütövlüyü, azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları bərpa edilməli, onlar öz doğma yurdlarına qayıtmalı, əsir və girovlar azad olunmalı, səlahiyyətli beynəlxalq qurumlar tərəfindən Ermənistan dövlətinə qarşı sanksiyalar tətbiq edilməlidir", - ombudsman müraciətində vurğulayıb.

Ombudsman Ermənistan və erməni millətçiləri tərəfindən Azərbaycanın ərazi bütövlüyünün pozulması, əzəli torpaqlarının işğalı, tarixi və mədəni sərvətlərinin dağıdılması və mənimsənilməsi, insan hüquqlarının, o cümlədən mədəni hüquqların kütləvi şəkildə, kobudcasına pozulmasının hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına və prinsiplərinə tamamilə zidd olduğunu bəyan edib.

Süleymanova dünya birliyinə, nüfuzlu beynəlxalq təşkilatlara müraciət edərək, Azərbaycana qarşı aparılan uzunmüddətli erməni təcavüzünə, terror siyasətinə, kütləvi şəkildə insan hüquqlarının pozulmasına son qoyulacağına, bu münaqişənin sülh və danışıqlar yolu ilə həllinə dəstək veriləcəyinə, zəbt olunmuş torpaqların qaytarılacağına, yüz minlərlə qaçqın və məcburi köçkünlərin öz yurdlarına dönəcəyinə, onların hüquqlarının bərpa ediləcəyinə inandığını bildirib.

Şuşa 8 may 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.

289 kvadratkilometr ərazisi olan Şuşa şəhərində həmin dövrdə 24900 əhali yaşayıb. Şuşanın işğalı zamanı yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri isə əlil olub.

Beş minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və Xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, həmçinin Laçın rayonundakı Ağoğlan məbədi, dünya əhəmiyyətli arxeoloji abidə sayılan paleolit dövrünə aid Azıx mağarası, Xocalıdakı Əsgəran qalası, Kəlbəcər tarix muzeyinin və digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının bənzərsiz ekspozisiyaları dağıdılıb və talan olunub, müqəddəs məbəd və məscidlər təhqir edilib, kitabxanalar yandırılıb, misilsiz əlyazma nümunələri məhv edilib.

Ombudsmanın bəyanatı BMT-nin baş katibi, baş katibin müavini, uşaqlar və silahlı münaqişələr problemi üzrə xüsusi nümayəndəsi, BMT-nin insan hüquqları üzrə ali komissarı, ATƏT, Avropa Şurası, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutları, Asiya Ombudsmanlar Assosiasiyası, Beynəlxalq Sülh Bürosu, Universal Sülh Federasiyası, müxtəlif ölkələrin ombudsmanları, Azərbaycanın xarici ölkələrdəki, xarici ölkələrin respublikamızdakı səfirlikləri və Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb.

Xəbər lenti

Xəbər lenti