Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanın işğal olunmuş ərazilərində terror qrupları yaradılır, - Trend-in məlumatına görə, bunu cümə günü BMT-nin Qaçqınlar günü ilə bağlı keçirilən tədbirində Azərbaycanın Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.
"İşğal altında olan Dağlıq Qarabağda narkotika əkilir və satılır. Bunun hesabına silah-sursat alınır, terror qrupları təşkil olunur. Yeni beynəlxalq narkomarşrut yaradılıb", - Həsənov deyib.
Baş nazirin müavini deyib ki, beynəlxalq təşkilatların Dağlıq Qarabağla bağlı qəbul etdiyi qərarların heç biri icra olunmayıb.
"Beynəlxalq qurumlar qəbul etdikləri qərarların icrasını təmin edə bilmirsə, bu qərarlar kimə lazımdır? Əks təqdirdə, bu təşkilatlardan ölkələr üz döndərəcək. Beynəlxalq təşkilatlar qəbul olunan qərarların icrasını təmin etməlidir. Beynəlxalq təşkilatlar 18 ildə Ermənistana heç bir təzyiq və təsir etməyib. Bu azmış kimi, Ermənistana da humanitar yardım göstərirlər", - Həsənov əlavə edib.
Azərbaycanda hazırda 1 milyondan artıq qaçqın və məcburi köçkün var.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.