...

BMT-də Azərbaycanın işğal olunmuş ərazilərinə dair sənədin qəbulu Ermənistanı bir daha düşünməyə vadar edəcək - birinci vitse-spiker

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Sentyabr 2010 13:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın işğal olunmuş ərazilərinə dair sənədin BMT-də qəbul olunması Ermənistanı çətin vəziyyətə salacaq, - Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə Azərbaycanın birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib.

"Əminəm ki, Azərbaycanın haqq işi yenə qalib gələcək. Yəni, ən azından, Azərbaycan BMT-də yeni bir dəstək əldə edəcik. Bu, Ermənistanı bir daha düşünməyə vadar edəcək", - Əsgərov deyib.

BMT Baş Assambleyasının sentyabrın 7-də keçiriləcək plenar iclasında Cənubi Qafqazla bağlı bir sıra sənədlərə baxılacaq. Həmçinin, iclasda "Azərbaycanın işğal altında olan ərazilərində vəziyyət"lə bağlı qətnamə layihəsinə də baxılacaq.

Birinci vitse-spiker hesab edir ki, artıq Ermənistanın getməyə yeri yoxdur.

"İndi onlar işğal olunmuş əraziləri boşaltmaq barədə qərar qəbul etməlidir", - Əsgərov bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti