...

ABŞ işğal olunmuş ərazilər üzərindən uçuşlarla bağlı Azərbaycanın mövqeyindən razıdır - səfir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Aprel 2011 17:01 (UTC +04:00)
ABŞ işğal olunmuş ərazilər üzərindən uçuşlarla bağlı Azərbaycanın mövqeyindən və Beynəlxalq Mülki Aviasiya Təşkilatında (ICAO) öz hüquqlarını müdafiə etməyə çalışmasından razıdır.
ABŞ işğal olunmuş ərazilər üzərindən uçuşlarla bağlı Azərbaycanın mövqeyindən razıdır - səfir

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir V.Javoronkova/

ABŞ işğal olunmuş ərazilər üzərindən uçuşlarla bağlı Azərbaycanın mövqeyindən və Beynəlxalq Mülki Aviasiya Təşkilatında (ICAO) öz hüquqlarını müdafiə etməyə çalışmasından razıdır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza bildirib.

"Biz bütün problemli məsələlərin danışıqlar yolu ilə həll edilməsinə tərəfdarıq", - Brayza bildirib.

Ermənistan tərəfi mayda Xankəndi şəhərində aeroport açmağı planlaşdırır.

Azərbaycan mülki əhaliyə qarşı terror və müharibə ilə şöhrət qazanmış Ermənistandan fərqli olaraq, mülki obyektlərə güc tətbiq etməyib və etməyəcək. Bu barədə ötən həftə Trend-ə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

ABŞ səfiri Azərbaycandakı bəzi müxalifət qüvvələrinin icazəsiz etiraz aksiyaları keçirmək cəhdlərinə də münasibət bildirib.

"Mən şadam ki, Azərbaycanda bütün vətəndaşlar öz fikirlərini sərbəst ifadə edə bilirlər. Biz ölkənin hüquqi, hökumət və məhkəmə sistemini vətəndaşların bu hüquqlarını təmin etməyə çağırırıq", - diplomat bildirib.

Xəbər lenti

Xəbər lenti