...

ABŞ prezidentlərin Kazan görüşünün nəticələrindən məyusdur - Dövlət Departamenti

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 İyun 2011 07:35 (UTC +04:00)
ABŞ Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazanda keçirdiyi görüşün nəticələrindən məyusdur.
ABŞ prezidentlərin Kazan görüşünün nəticələrindən məyusdur - Dövlət Departamenti

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir R.Daraxşan/

ABŞ Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazanda keçirdiyi görüşün nəticələrindən məyusdur. Trend-in ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu mətbuat brifinqində Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland bildirib.

"Bildiyiniz kimi, Ermənistan və Azərbaycan prezidentləri Kazan görüşündə baza prinsiplərinə dair razılığa gələ bilmədilər. Lakin prezident Medvedevlə birgə bəyanatında onlar qeyd ediblər ki, bir sıra məsələlərə dair anlaşmanı təkmilləşdiriblər, baza prinsipləri üzərində işi davam etdirməyə və gələcəkdə yenə görüşməyə razılaşıblar. Lakin mən deyərdim ki, bu məyusedicidir" deyə Nuland bildirib.

Azərbaycan, Rusiya və Ermənistan prezidentləri cümə günü Kazanda keçirilən sammitdə Dağlıq Qarabağ münaqişəsinin baza prinsipləri əsasında həlli ilə bağlı razılığa gələ bilməyiblər.

"Dövlət başçıları bir sıra məsələlər üzrə qarşılıqlı anlaşmanın əldə olunduğunu qeyd ediblər. Bu məsələlərin həlli əsas prinsiplərin təsdiq olunması üçün şəraitin yaranmasına kömək edəcək", - sammitin yekunlarına dair birgə bəyanatda bildirilir.

"Görüş iştirakçıları əsas prinsiplər layihəsinin təsdiq olunması məqsədilə aparılan işin gedişinə nəzər salıblar", - sənəddə qeyd olunur.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti