...

Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində aktivləşə bilər - politoloq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Avqust 2011 14:18 (UTC +04:00)
Yaxın zamanlarda Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində daha da aktivləşə bilər.
Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində aktivləşə bilər - politoloq

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir İ.İsabalayeva/

Yaxın zamanlarda Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində daha da aktivləşə bilər. Trend-in məlumatına görə, bunu çərşənbə günü keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Ermənistanın əsas manevri Rusiyanı qorxutmaq üzərində qurulub.

"Serj Sarkisyan Rusiyanı Ermənistanın Türkiyəyə inteqrasiya etməsi ilə qorxudur. Rusiya doğrudan da qorxur. Azərbaycanın təbliğat maşınının zəifliyi buradadır. Azərbaycan Ermənistanın Türkiyəyə tərəf keçməsinin qarşısını almaqla, Rusiyaya kömək etmiş olur. Rusiyada isə bunu başa düşmürlər", - politoloq əlavə edib.

O qeyd edib ki, Türkiyə ilə Ermənistan iş adamları arasında əlaqələr genişlənir.

Politoloq Sarkisyanın Türkiyəyə qarşı ərazi iddiası ilə bağlı verdiyi bəyanata da münasibət bildirib. Onun sözlərinə görə, Ermənistanın heç bir rəhbər şəxsi Türkiyə ərazisinə iddia irəli sürməyib. Bu, müasir tarixdə ilk dəfə baş verir.

Əhmədoğlu əlavə edib ki, Türkiyədə bəzi siyasətçilər Ermənistan Prezidentinin bu bəyanatını Ermənistanın Türkiyəyə qarşı müharibə elan etməsi kimi dəyərləndirirlər.

Politoloq Ermənistandakı vəziyyəti də şərh edib.

"İqtisadi vəziyyətinin pisliyinə görə Ermənistanın dünyada ikinci dövlət olması ilə bağlı "Forbes" jurnalında çap olunmuş məlumat Ermənistanda ictimai-siyasi vəziyyəti ciddi qarışdırdı. Ermənistanın sosial-iqtisadi vəziyyəti də getdikcə ağırlaşır. Sosial-iqtisadi vəziyyətdən narazı olanlar bu ölkəni tərk edirlər. İndi Ermənistana heç bir dövlət açıq dəstək vermir. Bu baxımdan ermənilərin istifadə etdiyi bleflər ən nəhayət ki, özləri üçün əks-effekt yaradacaq. Ermənistanda investisiya layihələri azalacaq, sosial-iqtisadi vəziyyət ağırlaşacaq, miqrasiya artacaq, demoqrafik vəziyyət daha da pisləşəcək", - Əhmədoğlu bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti