...

Roland Kobia: Dağlıq Qarabağ probleminin nizamlanması prosesi sürətləndirilməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Avqust 2011 13:14 (UTC +04:00)
Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi hesab edir ki, Dağlıq Qarabağ probleminin nizamlanması prosesi sürətləndirilməlidir.
Roland Kobia: Dağlıq Qarabağ probleminin nizamlanması prosesi sürətləndirilməlidir

Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir T.Hacıyev/

Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi hesab edir ki, Dağlıq Qarabağ probleminin nizamlanması prosesi sürətləndirilməlidir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Roland Kobia deyib.

"Kazan görüşündə Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində razılığa gələ bilməyiblər. Lakin bu, o demək deyil ki, bütün proses iflasa uğrayıb. Əlbəttə ki, Kazan görüşündə uğur əldə edilməməsi məyusedicidir, lakin ondan bir neçə gün sonra Soçidə keçirilən görüş, mənim eşitdiyimə görə, kifayət qədər pozitiv keçib. İstəyirik ki, proses davam etsin. Nizamlama prosesinin iflasa uğradığını düşünmürük", - Kobia əlavə edib.

Aİ nümayəndəsi Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən insidentlərə də toxunub.

"Cəbhə xəttində baş verən insidentlər bizi kədərləndirir. Atəşkəs olduğuna görə, bu cür hadisələr baş verməməlidir. İstər Ermənistan tərəfindən, istərsə də Azərbaycan tərəfindən. Orada heç kim ölməməlidir. Hər iki tərəf ətaşkəs rejiminə hörmətlə yanaşmalıdır", - o vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti