Azərbaycan, Bakı, 9 may /Trend/
"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin kollektivi Şuşa şəhərinin erməni qəsbkarları tərəfindən işğal edilməsinin 20-ci ildönümü ilə əlaqədar konfrans keçirib.
Trend-in məlumatına görə, ASC rəhbərliyinin və işçi heyəti nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycanın bu qədim şəhərinin işğaldan bəri məruz qaldığı dözülməz vəziyyətə, Şuşa sakinlərinin bu illər ərzində yaşadığı məhrumiyyətlərə, dünya birliyinin məsələyə münasibətinə həsr olunub.
Tədbiri giriş sözü ilə açan "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin İdarə Heyətinin üzvü Xəyal Məmmədxanlı daha sonra sözü çıxış edənlərə verib. ASC-nin İdarə Heyətinin üzvü Elçin İsayev öz çıxışında erməni millətçilərinin xalqımıza qarşı yürütdüyü düşmənçilik siyasətinin tarixindən danışıb. İki əsrdən artıq bir dövr ərzində bu siyasətin dünya birliyi tərəfindən lazımi qiymət almadığını vurğulayan natiq yalnız Azərbaycanın müstəqillik əldə etdikdən sonra bu istiqamətdə müəyyən işlər görə bildiyini deyib. Zaman ötdükcə aparılan bu işlər sayəsində məkrli erməni xislətinin daha çox gün işığına çıxarıldığını bildirən Elçin İsayev bu gün bu istiqamətdə müstəsna fəaliyyətlər göstərən dövlət və hökumətimizin ətrafında daha sıx birləşməyin vacibliyini vurğulayıb.
"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Afaq Quliyeva isə öz çıxışında bu fikri davam etdirərək, Korporasiyanın müvafiq siyasətin dəstəklənməsi işində göstərdiyi fəaliyyətlərdən, erməni zülmündən nəsibini almış məcburi köçkün və qaçqınlara münasibətdə həyata keçirilən sosial-xeyriyyəçilik tədbirlərindən danışıb. O, həmçinin qeyd edib ki, bu diqqət və qayğının nəticəsi olaraq bu gün Korporasiyada təkcə Azərbaycanın işğal olunmuş bölgələrindən olan 223 qaçqın və məcburi köçkün işlə təmin olunub. Onlardan 11 nəfəri məhz Şuşa rayonunun, 6 nəfəri isə bilavasitə Şuşa şəhərinin sakinləridir. Bundan başqa, Qarabağ müharibəsi zamanı vətənimizin müdafiəsi uğrunda döyüşmüş 48 müharibə veteranı da bu gün "Akkord" ailəsinin sıralarında çalışır.
Bundan sonra aparıcı sözü Şuşa sakini, Korporasiyanın İnsan Resursları Departamentində çalışan Xəyyam Ağazadəyə verib. Özü və yaxınlarının simasında Şuşa sakinlərinin bu gün yaşadığı dərin nisgildən söz açan Ağazadənin çıxışı konfrans iştirakçılarında dərin təəssürat buraxıb.
Konfransda çıxışlar dinlənildikdən sonra Şuşa şəhəri ilə bağlı sənədli film nümayiş etdirilib.
Tədbirin sonunda "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin YAP özək təşkilatının katibi Bəhruz Əliyev konfransın yekunu olaraq Korporasiya kollektivinin Şuşa şəhərinin işğalının 20-ci ildönümü ilə bağlı beynəlxalq təşkilatlara, siyasətçilərə, səfirlərə və ictimai xadimlərə ünvanlanmış bəyanatını oxuyub və tədbir sona çatıb.