Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir M.Əliyev/
Qaradağlı faciəsinin növbəti ildönümü ərəfəsində Gürcüstanın paytaxtı Tbilisidə "Qaradağlı soyqırımı" kitabının təqdimatı keçirilib və "Azərbaycan həqiqətləri" adlı video-albom nümayiş etdirilib.
Təqdimat mərasimində Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Qənirə Paşayeva, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İdarə Şurasının sədri Ümid Mirzəyev, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafina Yardım Assosiasiyasının elektron jurnalının redaktoru Zaur Qəriboğlu, Gürcüstan parlamentinin deputatı Azər Suleymanov və KİV nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov zaman-zaman Azərbaycan xalqının başına gətirilən faciələrin Gürcüstanda daim anıldığını deyib. Millət vəkili Qənirə Paşayeva isə bu məsələdə hamını daha həssas olmağa, tariximizi dərindən öyrənməyə, vətənpərvər ruhda gənclər böyütməyə, üzərimizə düşən vətəndaşlıq və milli borcu məsuliyyətlə yerinə yetirməyə çağırıb. Gürcüstanda "Xocalı ayı"na Marneulidən start verdiklərini deyən Qənirə Paşayeva anım tədbirlərinin ölkənin bir çox bölgələrində keçiriləcəyini qeyd edib. Millət vəkili bildirib ki, rəhbəri olduğu Avrasiya Beynəlxalq Araşdırmalar İctimai Birliyinin AVCİYA ilə birlikdə həyata keçirdiyi "Azərbaycan həqiqətləri" layihəsi 8 filmdən ibarətdir. Filmlər ingilis dilinə də tərcümə olunub yayılacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun İdarə Şurasının sədri Ümid Mirzəyev azərbaycanlıları həmrəyliyə çağırıb və deyib ki, azrbaycanlılar öz problemlərini özləri həll etməlidir.
Gürcüstan Parlamentinin deputatı Azər Süleymanov da həmrəylik məsələsini önə çəkib: "Biz bu faciəvi hadisələri heç vaxt unutmamalıyıq. Həqiqətlərimizi dünyaya çatdırmaqda davam etməliyik. Borçalılar bütün məsələlərdə Azərbaycanla həmrəy olub".
karabakhİnfo.com e- jurnalının baş redaktoru Zaur Qəriboğlu Meksikanın, Pakistanın , ABŞ-ın bəzi ştatlarıının Xocalı soyqırımını tanımasını düzgün təbliğatın nəticəsi kimi göstərib.
"Azərbaycan həqiqətləri" video-albomuna sosial şəbəkələrdə və karabakhinfo.com e-jurnalına daxil olmaqla da baxmaq olar.
"Qaradağlı Soyqırımı" (şahidlərin dili ilə) kitabı və "Azərbaycan Həqiqətləri" adlı video-albom millət vəkili Qənirə Pşayeva və Şaiq Aslanovun birgə müəllifliyi ilə ərsəyə gəlib.
Qeyd edək ki, Qaradağlı soyqırımı 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində Ermənistan silahlı qüvvələri və Rusiyanın 366-cı alayı tərəfindən törədilib. Kəndin hər 10 sakinindən biri şəhid olub. 1992-ci ildə Xocalı faciəsindən bir neçə gün əvvəl Qaradağlıda törədilən soyqırımda 104 kənd sakini və 15 nəfər xüsusi müdafiə dəstəsinin üzvləri əsir götürülüb. Onlardan 80 nəfəri erməni cinayətkarları tərəfindən qətlə yetirilib.Ümumilikdə Qaradağlı soyqırımında Qaradağlı kəndi 117 övladını itirib, onlarla insan girov götürülüb. Girovların əksəriyyəti geri alınsa da çoxunun taleyi hələ də məlum deyil. Öldürülənlərdən 10-u qadın, 8-i uşaq idi.