Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir İ.İzzət/
İyulun 11-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən "Xocalıdan Srebrenitsaya: Soyqırım və etnik təmizləmənin qarşısının alınması" adlı iki günlük beynəlxalq simpozium öz işini başa vurub.
Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) Avrasiya Regional Mərkəzinin əməkdaşı Elmin Əliyev Trend-ə bildirib ki, "Xocalıya Ədalət" Beynəlxalq Təblğat və Məlumatlandırma Kampaniyası çərçivəsində, DƏ-İKGF və EMISCO tərəfindən, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun və TİKA-nın dəstəyi ilə təşkil edilən simpoziumda Avropanın 15-dən artıq ölkəsini təmsil edən nüfuzlu qeyri-hökumət təşkilatlarının nümayəndələri, Bosniya ictimayyəti və burada akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri iştirak edib.
Simpoziumun yekununda yekun bəyannamə qəbul edilib. Sənəddə Xocalı və Srebrenitsa qurbanlarının xatirəsi ehtiramla yad edilib və tədbir iştirakçıları ötən əsrin 90-cı illərinin əvvəllərində haqsız müharibə ilə üzləşmiş Azərbaycan və Bosniya xalqları ilə həmrəy olduqlarını bildiriblər.
Sənəddə, həmçinin soyqırımı törədənlərin cəzasız qalmasının faciəvi nəticələr doğurduğu, cəzasızlıq presedentinin sonrakı faciələrə yol açdığı vurğulanıb. Bu baxımdan yekun bəyannamədə 1992-ci ildə baş vermiş Xocalı soyqırımını törədənlərin hələ də azadlıqda olmasından və hətta yüksək vəzifələr tutmalarından ciddi narahatlıq ifadə edilib və onların məsuliyyətə cəlb olunması tələb edilib.
Sənəddə Xocalıda baş vermiş faciə soyqırım kimi qiymətləndirilib.