...

Ekspert: Münaqişədə yaranmış hərbi-siyasi vəziyyət Ermənistan rəhbərliyini yeni təhlükəsizlik "çətir"i axtarmağa vadar edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Dekabr 2015 16:22 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış hərbi-siyasi vəziyyət, təmas xəttində olan son döyüşlər, ermənilərin verdiyi itkilər Ermənistan və separatçı Qarabağ klanının rəhbərliyini yeni təhlükəsizlik “çətir”i axtarmağa vadar edib.
Ekspert: Münaqişədə yaranmış hərbi-siyasi vəziyyət Ermənistan rəhbərliyini yeni təhlükəsizlik "çətir"i axtarmağa vadar edib

Bakı. Mətanət Əliyeva - Trend:

Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış hərbi-siyasi vəziyyət, təmas xəttində olan son döyüşlər, ermənilərin verdiyi itkilər Ermənistan və separatçı Qarabağ klanının rəhbərliyini yeni təhlükəsizlik "çətir"i axtarmağa vadar edib. Bunu Trend-ə "Baku Network" Ekspert Şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov deyib.

Ekspert bildirib ki, bu yaxınlarda Moskvada keçirilmiş Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Serj Sarkisyanın sədrlik etdiyi iclasında Ermənistan prezidenti çıxışı zamanı bu təşkilatı fəaliyyətsizlikdə ittiham etdi: "Sarkisyan dedi ki, Azərbaycan tərəfindən təmas xəttindən atılan hər güllə Minskə, Bişkekə, Astanaya atılan güllədir. O bildirdi ki, Türkiyə Rusiyanın "Su-24" təyyarəsini vuranda NATO-ya üzv ölkələr rəsmi Ankaranı müdafiə etdi. Sarkisyan həyasızcasına tələb etdi ki, bu təşkilata üzv ölkələr niyə Ermənistanı müdafiə etmir, yardım göstərmir, hətta bir dəfə zəng etmirlər".

E.Ələsgərov qeyd edib ki, Sarkisyan çıxışını özünəxas yalanlar üzərində qurub: "Çünki atışmalar təmas xəttində baş verir. Adıçəkilən təşkilatla dövlətlər arasında olan anlaşmaya görə, onlar hər hansı üzv dövlətin ərazisi təhlükə altında olduğu zaman həmin dövlətə dəstək verə bilərlər. Atışmalar Qarabağda gedirsə, heç bir dövlət buna müdaxilə edə bilməz. Çünki təşkilata üzv dövlətlər Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyır. Ermənistan prezidenti növbəti dəfə özünü yalanları ilə biabır etdi".

Ekspert vurğulayıb ki, Sarkisyanın məqsədi bu təşkilatın hərbi fəaliyyətini Qarabağ münaqişəsinə çəksin və üzv dövlətləri Azərbaycana qarşı qoysun: "Sarkisyan buna nail ola bilmədi. Təşkilatın son bəyannaməsində əsas məsələ terrorizmlə bağlı idi. Sarkisyanın çıxışında iddia etdiyi heç bir məqam təşkilatın bəyannaməsində əksini tapmadı".

Sarkisyanın çıxışında maraq doğuran məqamların olduğunu da deyən ekspert bildirib ki, o, Rusiya prezidenti Vladimir Putinin icazəsi olmadan belə çıxış edə bilməzdi: "İndiyə kimi Rusiyanın rəhbərlik etdiyi hər hansı qurumda Ermənistan rəhbəri ittihamlarla çıxış etməyib. Sarkisyan təşkilatı fəaliyyətsizlikdə ittiham etdi. Onun çıxışından belə çıxır ki, təşkilatın fəaliyyəti sıfıra enib. Sarkisyan çıxışı ilə özünü təşkilata qarşı qoydu".

E.Ələsgərov hesab edir ki, V.Putinin icazəsi olmadan S.Sarkisyan belə çıxış edə bilməzdi.

Ekspertin qənaətinə görə, bu çıxışla əslində V.Putin müttəfiqlərinə Türkiyə ilə məlum təyyarə olayında onu müdafiə etməmələri ilə bağlı mesaj göndərdi: "Putin bu mesajı Sarkisyanın dili ilə etdi. Özü desəydi, bu bir qədər doğru səslənməzdi. Ermənistan isə belə bəyanatlarla özünə qərb istiqamətində yeni təhlükəsizlik "çətir"i axtarmağa başlayıb".

Onun sözlərinə görə, Ermənistan hazırda belə bir fikirlər gündəmə gətirməyə çalışır ki, qərbdə onlar ciddi şəkildə dəstəklənirlər: "Son zamanlar ABŞ-dakı erməni diasporunun dəstəyi ilə, ermənipərəst konqresmenlərin xətti ilə Ermənistan özünü guya Azərbaycan tərəfindən təcavüzə məruz qalan tərəf kimi təqdim etməyə çalışır".

Ekspert bildirir ki, bu istiqamətdəki fəaliyyətdə guya bəzi ABŞ dairələrində Ermənistana söz veriblər ki, atəşkəsin pozulmasına nəzarət edən texniki vasitələr onlara veriləcək: "İnandırmağa çalışırlar ki, guya nəticədə əldə olunacaq məlumatlarla təqsirkar tərəf müəyyən olunaraq ona qarşı sanksiyalar tətbiq olunacaq. Tam Azərbaycana qarşı yönəlmiş bir mövqedir. Ermənilər inddia edirlər ki, guya bu fəaliyyətdə konqresmenlər, hətta ATƏT-in Minsk qrupunun həmsədrləri var. Mən bu ehtimalın olmasını inkar etmirəm. Çünki bölgədə hansısa texniki vasitələrini yerləşdirmək ABŞ-ın da marağındadır. Lakin Azərbaycanın razılığı olmadan bu, mümkün olan iş deyil. Bütün bu fəaliyyətdə Ermənistanın məqsədi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini uzatmaq, status-kvonu saxlamağa çalışmaqdır. Özü də bunu ABŞ-ın əli ilə etmək istəyir".

E.Ələsgərov bildirib ki, indiki Ermənistan rəhbərliyinə bu mövqe hakimiyyətini qoruyub saxlamağa imkan verir.

Ekspert onu da qeyd edib ki, bu mövqenin arxasında Rusiya dayana bilər. Onun sözlərinə görə, bununla Rusiya ABŞ-ı bölgəyə çəkib, sonra isə onu pərişan etmək istəyir.

Müsahib deyib ki, son zamanlar Ermənistanda xalqın arasında antirusiya mövqeyi artıb: "Ermənilər hesab edir ki, Ermənistan özü hərbi hədəfə çevrilib. Bunu anlayaraq onlar qərbdə yeni bir dəstək axtarışına başlayıblar. Ermənilər Avrasiya İqtisadi İttifaqının üzvü ola-ola Avropa İttifaqı ilə yenidən münasibət qurmaq istəyirlər. Xüsusilə Gürcüstanın "Şengen zonası"na daxil olma məsələsi ilə bağlı söhbətlərdən sonra ermənilər bu istiqamətdə mövqelərini daha da inkişaf etdirməyə səy göstərirlər".

Ekspert qeyd edib ki, bu axtarış müəyyən həddə kimi aparılacaq: "Sözügedən fəaliyyətin iki xətti var: Ermənistan rəhbərliyi müəyyən qədər əhalinin istəyini icra edir, qərbdən bir qədər də maliyyə dəstəyi əldə etməyə çalışır. Sarkisyan bununla guya müstəqil siyasət yürütdüyünü göstərməyə çalışır. Lakin bir müddət sonra isə yenə geri çəkilir. Digər tərəfdən isə, Ermənistan hakimiyyəti Rusiya ilə münasibətlərini taraz saxlamağa, pozmamağa çalışır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti