Bakı. Trend:
Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə Vyetnamın paytaxtı Hanoy şəhərində “Xocalı Soyqırımı. 25 İllik Cəzasızlıq.” adı altında konfrans keçirilib.
Azərbaycanın bu ölkədəki səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Vyetnam Kommunist Partiyası, Parlamenti, Xarici İşlər Nazirliyi, həmçinin digər dövlət və özəl qurumlarının, o cümlədən müxtəlif təhsil ocaqlarının, beyin mərkəzlərinin, Hanoy şəhərində akkreditə olunmuş diplomatik korpusun və KİV nümayəndələri iştirak ediblər.
Tədbirin əsas leytmotivi gələcəkdə bu kimi soyqırım və kütləvi qırğınların yaşanması, habelə Xocalı soyqırımının baş vermə səbəblərinin ciddi şəkildə araşdırılması, bu hadisəyə siyasi qiymət verilməsi və faciəni törədənlərin tutduğu vəzifəsindən asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunması perspektivlərinin müzakirəsindən ibarət olub.
Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Giriş nitqində səfir A.İmanov Xocalı faciəsinin 20-ci əsrdə baş verən dəhşətli hadisələrdən biri olduğunu xüsusi vurğulayaraq tədbir iştirakçılarına faciə haqqında dolğun məlumat verib.
Səfir Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin təfərrüatlarını izah edərək, məhz bu siyasət nəticəsində bir milyon azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü bildirib. Səfir Ermənistanın hərbi qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən təcili və qeyd şərtsiz çıxarılmasını tələb edən, Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında həll olunmasına çağıran dünyanın nüfuzlu beynəlxalq təşkilatları, o cümlədən BMT, ATƏT, Avropa Şurası, Avropa Şurası Parlamentlər Assambleyası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı tərəfindən qəbul olunmuş qətnamələrin bugünədək həyata keçirilməməsindən dərin təəssüf hissini ifadə edib. Səfir beynəlxalq təşkilatların öz qərarlarını həyata keçirmək imkanlarının məhdud olduğunu, qərarların beynəlxalq hüquq normalarına əsasən deyil ayrı-ayrı dövlətlərin siyasi iradəsindən asılı olaraq tətbiq olunmasının beynəlxalq ədalət sisteminə əsas təhdid kimi səciyyələndirib. Həmçinin Səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin bugünədək uzanmasında əsas səbəb kimi Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə yanaşı beynəlxalq vasitəçilərin ədalətsiz mövqedən çıxışetdiyini, Azərbaycan və Ermənistanın birbaşa danışıqlar vasitəsilə razılığa gəlməyə sövq etməklə işğalçı ölkə və işğala məruz qalmış ölkənin eyni sıraya qoymaqlarını göstərib.
Soyqırım haqqında beynəlxalq konvensiyaya uyğun olaraq soyqırım cinayətlərini törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasının hər bir ölkənin vəzifəsi olduğunu vurğulayan səfir, Xocalı soyqırımını törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasında bütün sülhsevər dövlətlərin öz səylərini birləşdirməsi, həm beynəlxalq ədalət strukturlarında həm də daxili qanunvericilikləri əsasında zəruri tədbirləri görməyə çağırıb. Səfir A.İmanov Xocalı soyqırımını törədənlərin bugünədək cəzalandırılmamasının bu kimi cinayətlərin gələcəkdə də təkrarlanmasına zəmin yaratdığını bildirib.
Daha sonra çıxış edən Vyetnam Milli Assambleyasının (Parlament) deputatı, Elm və Texnologiyalar Assosiasiyaları Birliyinin Vitse-prezidenti, Vyetnam-Azərbaycan Dostluq Təşkilatının Sədri Nghiem Vu Khai Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqına başsağlığı verərək qadınlar, uşaqlar və yaşlıların daxil olduğu silahsız mülki əhalinin amansızcasına qətlə yetirilməsini beynəlxalq hüququ tamamilə pozan və ümumiyyətlə, insanlıq dəyərlərini alt-üst edən bir vəhşilik aktı kimi qiymətləndirib. Nghiem Vu Khai Xocalı soyqırımının ciddi şəkildə araşdırılıb bu faciəni törədənlərin mühakimə edilməsinin zəruriliyini bildirib. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyata keçirdiyi siyasətdəki dəyərlər əsasında xüsusilə də Azərbaycan xalqının sülhsevərliyini nəzərə alıb onun Xocalı soyqırımından qisas alınması yox məhz ədalətin bərqərar olunmasına çalışdığını yüksək dəyərləndirib.
Növbəti çıxış edən Sosial Elmlər Akademiyasının İnsan Araşdırmaları İnstitutunun Direktoru Luong Dinh Hai hazırkı dünyada milliyyətçiliyin, irqçiliyin və dini ekstrimizmin geniş yayıldığını ön plana çəkərək yekunda bütün sadalananların soyqırım və kütləvi qırğınlara gətirib çıxardığını xüsusi vurğulayıb. Bu baxımdan Luong Dinh Hai Azərbaycan xalqının yaşadığı Xocalı faciəsinə bənzəyən Vyetnam müharibəsi zamanı dinc əhaliyə qarşı törədilmiş Sonqmi soyqırımını xatırlayaraq vyetnamlıların Azərbaycan xalqının hisslərini anladığını, bölüşdüyünü və ürək ağrısı ilə qəbul etdiyini dilə gətirib. Sadalananları rəhbər tutan alim bu kimi faciələrin təkrarlanmaması üçün siyasətçilər, diplomatlar və bütövlükdə beynəlxalq ictimaiyyətinin üzərinə böyük məsuliyyət düşdüyünə işarə edib.
Daha sonra fikirlərini bölüşən Siyasət, Hüquq və İdarəçilik İnstitutunun direktor müavini Doan Manh Phuong Xocalı faciəsi qurbanlarının təkcə Azərbaycanda deyil, bütün mütərəqqi insanlar tərəfindən anıldığını bildirib. Həmçinin Doan Manh Phuong çoxsaylı müharibələr zamanı milyonlarla şəhid verən Vyetnamın Azərbaycan dövlət və xalqına dərin hüznlə başsağlığını ifadə edib və Azərbaycan xalqının sülhsevərliyini yüksək qiymətləndirib.
Azərbaycan Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzinin Direktoru, “Xarici İnformasiya İcmalı” jurnalının baş redaktoru Dao Xuan Tien, konfrans üçün çıxışına hazırlaşarkən Xocalı soyqırımı haqqında çoxlu sayda materiallarla tanış olduğunu və Ermənistan silahlı qüvvələrinin Xocalının dinc əhalisinə qarşı törətdiyi amansız cinayət haqqında oxuduqca böyük üzüntü hissi keçirdiyini bildirib. O, gələcəkdə soyqırım və kütləvi qırğınların təkrarlanmaması üçün Xocalı faciəsini törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasının böyük əhəmiyyət kəsb etməsi ilə bağlı səslənən fikrləri tam bölüşdüyünü bildirib. Dao Xuan Tien, Azərbaycan dövlətinin sülhsevər xarici siyasətinin öz bəhrəsini verəcəyinə və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ədalətli mövqeyi əsasında həll olunacağına əminliyini ifadə edib.
Ho Chi Minh Milli Siyasət Akademiyasının İnsan Hüquqları İnstitutunun keçmiş direktoru Dang Dung Chi Xocalı faciəsi kimi baş vermiş digər soyqırım və kütləvi qırğınların bəşəriyyət tarixində qanlı səhifə açdığını təəssüflə bildirib. Bu amili rəhbər tutan alim azadlıq, ədalət və sülh amalları önündə hər bir insanın bərabər olduğunu ön plana çəkərək Xocalı faciəsi kimi soyqırımların bütün bəşəriyyət üçün həyəcan siqnalı kimi dəyərləndirib.
Konfransda həmçinin Səfirlik tərəfindən Vyetnamlı gənclər arasında keçirilmiş “Xocalı Soyqırımı. 25 İllik Cəzasızlıq.” mövzusunda esse müsabiqəsinin qalibi seçilmiş Nguyen Thi Lan Phuong çıxış edib. O, çıxışında Xocalı faciəsini törədənlərin ilk sıralarında gedən Serj Sarkisyanın hazırda Prezident kürsüsündə əyləşməsi əvəzində həbs olunmasının vacibliyini vurğulanıb. Öz növbəsində xanım Nguyen Thi Lan Phuong uzun illər ərzində azərbaycanlılara qarşı ermənilər tərəfindən həyata keçirilən etnik təmizləmə və soyqırım siyasətinin ən qanlı səhifəsi kimi hesab olunan Xocalı faciəsinin bütün azərbaycanlıların qəlbində bir dözülməz ağrı kimi qaldığını bildirib. Həmçinin o, qeyd edib ki, Azərbaycan sərhədlərini qorumaq və ərazisini bərpa etmək üçün öz ədalətli mübarizəsini ləyaqətlə aparır. Həmçinin məruzəçi Xocalı faciəsinə layiqli diqqət verilməsinin və dünyanın hər bir dövləti tərəfindən soyqırım kimi tanınmasının labüdlüyünü xüsusi vurğulanıb.
Çıxışlar başa çatdıqdan sonra natiqlər tədbir iştirakçılarının suallarını cavablandırıblar. Tədbirdə iştirak edən diplomatik korpusun və vyetnam ictimaiyyətinin nümayəndələri məsələ ilə bağlı öz fikirlərini bölüşərək, Xocalı soyqırımını törədənlərin cəzasızlığına son qoymağa çağırıblar.
Tədbir zamanı “Xocalıya Ədalət” Kampaniyası çərçivəsində hazırlanmış sənədli film nümayiş etdirilib, həmçinin Səfirlik tərəfindən vyetnam dilinə tərcümə edilmiş Xocalı Soyqırımı kitabının və İRS jurnalının Xocalı soyqırımının 25 illiyi münasibətilə dərc olunmuş buraxılışı tədbir iştirakçılarına təqdim olunub.