Bakı. Trend:
"Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyi iyulun 4-də dinc azərbaycanlıların həlak olması ilə nəticələnən növbəti erməni təxribatı barədə bəyanat yayıb.
Trend-in məlumatına görə, bəyanatda deyilir ki, Ermənistan silahlı qüvvələrinin iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində 2 yaşlı Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyevanın həlak olması birbaşa vandalizm aktıdır: "XXI əsrdə bir dövlətin başqa bir dövlətin ərazisini atəşə tutaraq dinc sakinləri qətlə yetirməsi beynəlxalq hüquq normalarının son dərəcə kobud şəkildə pozulmasından əlavə, qarşı tərəfə müharibə elan etmək deməkdir".
Qeyd olunur ki, beynəlxalq ictimaiyyətin də birmənalı şəkildə pislədiyi bu təxribata görə Ermənistan birbaşa məsuliyyət daşıyır: "Dinc sakinlərin həlak olması ilə nəticələnən növbəti erməni təxribatı bir daha göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin yeganə həll yolu erməni silahlı birləşmələrinin işğal altındakı Azərbaycan torpaqlarından dərhal çıxarılmasıdır. Beynəlxalq təşkilatlara Ermənistana ciddi sanksiyalar tətbiq etmək üçün daha hansı əsaslar lazımdır?"
"Düşüncə" İB Ermənistan gənclərini də artıq Sarkisyan rejiminin uşaq qatili olaraq nə dərəcədə qəddar olduğunu anlamağa çağırır: "Minlərlə dinc insanın qanını tökərək siyasi elitaya gələn cinayətkar Sarkisyan rejimi öz hakimiyyətini qorumaq üçün erməni gənclərindən canlı sipər kimi istifadə edir".
İctimai Birlik beynəlxalq təşkilatları bu təxribata biganə qalmamağa, Ermənistana ciddi təzyiqlər göstərməyə çağırır: "Əks halda, heç kim ermənilərin bir daha belə təxribata əl atmayacağına, Azərbaycanın da təbii olaraq cavab tədbirləri görməyəcəyinə zəmanət verə bilməz".