Bakı. Trend:
Kanadanın Türkiyəyə silah ixracını dayandırması qərarı “ikili standartlar”ın tətbiq olunması deməkdir.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, Kanada hökuməti Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərini azad etmək üçün apardığı haqlı mübarizəni əsas gətirərək bu addımı atıb:
“Kanadanın bəzi hərbi texnologiyanın ölkəmizə ixracını dayandırması qərarı bu ölkənin ikili standartlarının təsdiqidir. Kanada bu əsrin ən böyük faciələrindən birinin yaşandığı Yəmənə müdaxilə edən ölkələrə silah ixracını dayandırmadığı bir vaxtda, NATO müttəfiqinə qarşı bu addımının hər hansı bir izahı ola bilməz”.
Qeyd edək ki, Kanadanın xarici işlər naziri Jan-Fransua Şampan Kanadada istehsal olunan və Türkiyəyə ixrac edilən texnologiyanın Dağlıq Qarabağ münaqişəsində istifadə olunmasını əsas gətirərək müəyyən silahların satışını dayandırıb.