ATƏT Minsk qrupunun (MQ) Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə həmsədrləri noyabrın 22-də Bakıya gələcəklər. Bu barədə Trend ə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Vasitəçilərin bölgəyə səfəri haqqında razılıq bu yaxınlarda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri - Vardan Oskanyan və Elmar Məmmədyarovun, eləcə də MQ həmsədrlərinin Brüsseldəki görüşündə əldə olunub. Proqramın birinci bəndi həmsədrlərin noyabrın 21-də gedəcəkləri Yerevan olacaq.
Vasitəçilər problemin həlli üzrə son təşəbbüsləri müzakirə etmək üçün həmin ölkələrin rəhbərləri ilə danışıqlar aparmaq niyyətindədirlər. Səfər zamanı noyabrın 28-də Minskdə keçirilməsi planlaşdırılan Ermənistan və Azərbaycan prezidentləri səviyyəsində növbəti görüşün təşkil olunması məsələsi də müzakirə olunacaq.