Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ "Azərbaycan yolu" Siyasi Hərəkatının lideri İlqar Qasımov gələn il keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürə bilər. Bu barədə çərşənbə axşamı Trend ə açıqlamasında İlqar Qasımov özü məlumat verib.
Gələn il oktyabrın 15-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Müxalifət düşərgəsindən bir sıra partiya sədrləri prezident seçkilərində namizəd olacaqlarını bəyan ediblər.
"Azərbaycan yolu" Hərəkatının lideri bildirib ki, bu qurum seçkidə fəal şəkildə iştirak edəcək. Amma Hərəkat nə iqtidarın, nə də müxalifətin namizədlərini dəstəkləyəcək: "Çünki ənənəvi müxalifət və iqtidar xalqın ümidlərini doğrutlmayıb" - deyə Qasımov bildirib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi təşkilatın prezident seçkisində kimin namizədliyini irəli sürməsi həmin dövr mühitindən asılı olacaq: "Biz seçkidə görüntü xatirinə deyil, qalib gəlmək üçün iştirak edəcəyik. Mənim namizəd olmağım da mümkündür" - deyə Qasımov bildirib.
"Azərbaycan yolu" Siyasi Hərəkatı 2004-cü ildə yaradılıb. Qurumun sədri Qasımov Rusiyanın ədliyyə generalıdır.