...

Azərbaycanlı politoloqlar: "Konqresin "erməni soyqırımı" ilə bağlı qətnaməsi ABŞ-Türkiyə münasibətlərinə zərbə vuracaq"

Siyasət Materials 11 Oktyabr 2007 12:34 (UTC +04:00)
Azərbaycanlı politoloqlar: "Konqresin "erməni soyqırımı" ilə bağlı qətnaməsi ABŞ-Türkiyə münasibətlərinə zərbə vuracaq"

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə /ABŞ Konqresinin aşağı palatasının Xarici Əlaqələr Komitəsinin qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı qətnamə qəbul etməsi ABŞ-Türkiyə münasibətlərinə böyük zərbə vuracaq. "Böyük ehtimalla demək olar ki, bu, qatnamə ABŞ Konqresi tərəfindən qəbul olunacaq. Konqres qondarma "erməni soyqırımı"nın tanınması haqqında qətnamə qəbul edərsə, bu, ABŞ-ın dövlət maraqlarına böyük zərbə vuracaq" - deyə Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə cümə axşamı Bakıda bildirib.

ABŞ Konqresinin aşağı palatasının Xarici Əlaqələr Komitəsi çərşənbə günü qondarma "erməni soyqırımı" iddiası ilə bağlı qətnaməni 27-21 səs nisbətində qəbul edib. Qətnamədə deyilir ki, 1915-17-ci illərdə Osmanlı İmperiyası ermənilərə qarşı ardıcıl soyqırım həyata keçirib.

İndi növbəti addım Konqresin Nümayəndələr Palatasının sədri Nensi Pelosidən gözlənilir. Pelosi gələn ay qətnaməni palatanın tam tərkibli iclasına səsverməyə çıxara bilər. 

Mollazadə hesab edir ki, qondarma "erməni soyqrımı"nın tanınması ABŞ-nın Yaxın Şərq bölgəsindəki ən böyük müttəfiqi ilə münasibətlərinə xələl gətirəcək: "Eyni zamanda, ABŞ və Türkiyənin birgə proqramlarına zərbə vuracaq".

Millət vəkili hesab edir ki, bu qətnamə erməni lobbisinin təsiri ilə qəbul olunub. Amerikada yaşayan bir etnik qrupun maraqlarına uyğun qətnamə qəbul olunduğunu deyən Mollazadə hesab edir ki, ABŞ-ın maraqlarının bu formada zərbə altında qoyulması qəribə haldır: "ABŞ administrasiyasında yaxşı başa düşürlər ki, qondarma "erməni soyqrımı"nın tanınması Vaşinqtonun maraqlarına zərbə vuracaq. Prezident Corc Buşun qərara etirazları da bunu sübut edir".

Mollazadə hesab edir ki, ABŞ Konqresinin bu səhvi düzəltmək üçün bir şansı var. Bu da 20-ci əsrin ən dəhşətli faciəsi olan və ermənilər tərəfindən törədilən Xocalı soyqrımı ilə bağlı müzakirələr aparıb, qətnamə qəbul etməkdir: "ABŞ Konqresi ermənilərin törətdiyi Xocalı faciəsini tanımaqla vəziyyəti düzəldə bilər".

Müstəqil politoloq Rasim Musabəyov isə hesab edir ki, ABŞ Konqresinin aşağı palatasının Xarici Əlaqələr Komitəsinin qondarma "erməni soyqrımı"nı tanıması ilə bağlı qətnamə qəbul etməsinə nail olan erməni lobbisinin məqsədi ABŞ-Türkiyə əlaqələrinə zərbə vurmaqdır: "Buna imkan vermək olmaz. Türkiyə bu məsələyə soyuqqanlı reaksiya verməlidir".

Növbəti mərhələdə bu məsələnin ABŞ Konqresinin aşağı palatasında müzakirə olunacağını vurğulayan politoloq qeyd edib ki, palatanın sədri Nelsi Pelosi qətnaməni səsverməyə çıxarmaqda maraqlıdır: "Böyük etimalla demək olar ki, Konqresin aşağı palatası "erməni soyqrmı"nın tanınması ilə bağlı qətnaməni qəbul edəcək. Lakin bu qərarın qəbul olunması qanun deyil və həyata keçirilməsi məcburi xarakter daşımır. Sadəcə olaraq, ABŞ prezidentinə tövsiyə olunur ki, xarici siyasətində ermənilərin "soyqırım"a məruzə qalmasını nəzərə alsın. Corc Buş isə açıq şəkildə bəyan edib ki, bunu nəzərə almayacaq".

Onun fikrincə, bu qərar ABŞ-ın Yaxın Şərqdəki mövqeyinə, İraq və Əfqanıstanda həyata keçirdiyi siyasətə heç bir təsir göstərməyəcək. Musabəyov hesab edir ki, Türkiyə buna cavab olaraq ABŞ Konqresi ilə əlaqələrini kəsə bilər. Eyni zamanda, Türkiyə parlamenti ABŞ-ın hinduları soyqrıma məruz qoyması və müsəlmanları qırması haqqında qətnamə qəbul edə bilər.

Onun fikrincə, bu qərarın mümkün nəticələrindən biri rəsmi Ankaranın ABŞ-ın İraq siyasətinə münasibətinin kəskin pisləşməsi ola bilər. Bu isə Vaşinqton üçün ciddi problemlərin yaranmasına gətirib çıxara bilər.

"Konqresin aşağı palatasının Xarici Əlaqələr Komitəsinin qəbul etdiyi qətnamə sənəd xarakteri daşımaq üçün Nümayəndələr Palatası tərəfindən təsdiq olunmalıdır. Ona görə də hesab edirəm ki, XXI əsrin ən böyük səhvini yarı yolda saxlamaq mümkündür" - deyə hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Aydın Mirzəzadə bildirib.

Onun fikrincə, Konqresdə üstünlük təşkil edən demokratlar bu qətnaməni qəbul etməklə qarşıdan gələn prezident seçkilərində erməni lobbisinin səsini qazanmaq istəyirlər: "Demokratlar həm ədalətsiz qərar qəbul edib, həm də ABŞ-ın türk əsilli vətəndaşlarının səsini itiriblər".

Mirzəzadə hesab edir ki, bu qərar tövsiyə xarakteri daşısa da, ABŞ-ın xarici siyasətində ciddi fəsaldar törədəcək.

ABŞ-ın İraqda apardığı əməliyyatlar üçün hava yolu vasitəsi ilə daşınan yüklərin 70%-nin, quru yolla daşınan yüklərin isə 30%-nin Türkiyə ərazisindən keçdiyini vurğulayan millət vəkili qeyd edib ki, rəsmi Ankara buna qadağa qoysa, milyardlarla dollara başa gələn İraq müharibəsinin sonu fəlakətli ola bilər.

Xəbər lenti

Xəbər lenti