...

Yaxın Şərq Azərbaycanlıları Konqresi yahudilərin ermənilər tərəfindən soyqırıma məruz qalması məsələsinin araşdırılmasına İsrail alimlərini cəlb etmək niyyətindədir

Siyasət Materials 21 Oktyabr 2007 22:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir R.Məmmədov/ Yaxın Şərq Azərbaycanlıları Konqresi 1918-1919-cu illərdə Azərbaycanda yahudilərin ermənilər tərəfindən soyqırıma məruz qalması məsələsinin araşdırılmasına İsrail alimlərini cəlb etmək niyyətindədir. "Yaxın Şərq Azərbaycanlıları Konqresi kimi yahudilərin Qubada soyqırıma məruz qalması ilə bağlı məsələnin dərindən araşdırılmasını təklif edirik". Bunu Trend ə bazar günü verdiyi açıqlamada Yaxın Şərq Azərbaycanlıları Konqresinin prezidenti Aleks Şapiro-Suliman deyib.

2007-ci ilin əvvəllərində Quba rayonunun Qırmızıkənd qəsəbəsində (Quba rayonu dağ yahudilərinin kompakt yaşadığı yerdir) kütləvi məzarlıq aşkar olunub. Azərbaycanlı alimlərin gətirdikləri dəlillərə əsasən orada XX əsrin əvvəllərində erməni daşnaklarının qurbanına çevrilmiş onlarla və hətta yüzlərlə yahudilərin qalıqları tapılıb. Azərbaycanlı alimlər müvafiq istiqamətdə araşdırmaları davam etdirirlər və məsələyə dünya ictimaiyyətinin diqqətini cəlb edirlər.

Aleks Şapiro-Suliman hesab edir ki, bu istiqamətdə vacib addımlardan biri müvafiq problemlə əlaqədər beynəlxalq elmi-praktik konfransın təşkilidir. Onun fikrincə, bu konfransa tarixçilər, ekspertlər və digər mütəxəssislər cəlb edilməlidir. "Xolokost problemi ilə məşğul olan israilli alimləri bu məsələyə cəlb etməklə həmin konfransın təşkilinə hərtərəfli yardım göstərməyə hazırıq. Məsələn araşdırmalara uzun müddət yahudilərin soyqırımı ilə məşğul olan Qüdsdəki Xolokost İnstitutunu cəlb etmək olar" - deyə Şapiro-Suliman bazar günü Qubadakı məzarlığa baş çəkdikdən sonra bildirib.

Azərbaycanın insan haqları İnstitutunun direktoru, professor Rövşən Mustafayev apreldə Bakıda xüsusi təşkil olunan konfransda bildirmişdir ki, 1918-1919-cu illərdə Şaumyan, Amazasp və Lalayanın rəhbərlik etdiyi daşnak qruplaşmaları tərəfindən Azərbaycan ərazisində gerçəkləşən soyqırım nəticəsində ermənilərlə əməkdaşlıqdan imtina edən 3 minədək günahsız yahudi qəddarcasına öldürülüb. "Böyük Ermənistan" mifini həyata keçirmək niyyətində olan erməni millətçiləri tarixən Cənubi Qafqazda yaşayan azərbaycanlılar, yahudilər və digər xalqlara qarşı kütləvi terror aktlarını həyata keçiriblər. Azərbaycandakı dağ yahudilərinin dini icmalarının rəhbərliyi, Dövlət arxivi və ayrı-ayrı vətəndaşların səyləri nəticəsində aşkar olunmuş sənədlər institut tərəfindən analiz edilib və nəticədə təkcə Quba rayonu ərazisində ermənilər tərəfindən qəddarcasına qətlə yetirilən 87 nəfər günahsız yahudinin adı müəyyən olunub.

Konfransın yekunlarına əsasən Azərbaycan prezidentinə müraciət qəbul olunub. Müraciətdə Qubanın Qırmızıkənd qəsəbəsində ötən əsrin əvvəllərində erməni terrorunun qurbanı olmuş 3 min yahudinin xatirəsinə abidənin ucaldılması təklif olunub.

Xəbər lenti

Xəbər lenti