...

ADP dövlət başçısına məktub göndərib

Siyasət Materials 13 Noyabr 2007 18:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Müxalifətyönlü Azərbaycan Demokrat Partiyası (ADP) Naxçıvanda əhalinin işsizlik problemi ilə bağlı, ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayıb. Bu barədə çərşənbə axşamı ADP-dən məlumat verilib.

Məktubda deyilir ki, Naxçıvan rəhbərliyi vətəndaşların mülkiyyətində olan köhnə minik avtomobillərindən istifadəni qadağan edən qərar çıxarıb. Nəticədə, qanuni şəkildə öz şəxsi mülkiyyətində olan minik maşınını taksi kimi istifadə edən, dövlətə vergi verməklə yanaşı, ailəsini dolandıran minlərlə vətəndaş dolanışıq yerlərindən məhrum edilib.

Məktubda deyilir ki, ticarət mərkəzlərinin, məhəllə dükanlarının sökülməsi kampaniyasına başlanılıb və bu da Naxçıvan camaatının etirazına səbəb olub.

ADP hesab edir ki, bu tədbirlərin nə kimi xoş niyyət daşımasından asılı olmayaraq, yeni iş yerlərini açmadan, vətəndaşlara dəyən ziyanın konpensasiyası ödənilmədən, bu cür qadağaların qoyulması hökumətin regionların sosial-iqtisadi inkişafına yönəlmiş siyasəti ilə ziddiyyət təşkil edir, işsizliyi artırır, əhalinin iqtisadi vəziyyətini ağırlaşdırır. Nəticədə, ağır sosial-iqtisadi şəraitdə yaşayan Naxçıvan camaatı kütləvi şəkildə oranı tərk etmək məcburiyyətində qalır.

"Nəzərə alsaq ki, bu günlərdə bir tərəfdən, ermənilər ardıcıl olaraq Naxçıvan ərazilərinə iddia edir, digər tərəfdən, radikal kürd qruplaşmaları Naxçıvanı Kürdüstan dövlətinin bir hissəsi kimi təqdim edən xəritələr yayır, belə olan halda, Azərbaycanla coğrafi sərhədi olmayan Naxçıvanın boşaldılmasına gətirib çıxaran addımlara yol verilməməlidir"-deyə partiyanın dövlət başçısına müraciətində bildirilir.

Xəbər lenti

Xəbər lenti