Azərbaycan, Bakı, 19 yanvar / Trend , müxbir E.Hüseynli/ Azərbaycanda ötən il 18 min 667 cinayət hadisəsi qeydə adınıb ki, bu da 2006-cı illə müqayisədə iki faiz azdır. Daxili İşlər Nazirliyindən şənbə günü Trend ə bildiriblər ki, ötən il qeydə alınan cinayətlərin 1980-i və ya 10,6 faizi xüsusilə ağır və ağır xarakterli cinayətlərdir. Cinayətlərin 38,2 faizi şəxsiyyət əleyhinə, 32,6 faizi ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 23,7 faizi iqtisadi sahədə, 5,5 faizi isə dövlət hakimiyyəti orqanları əleyhinə yönəlib.
Məlumata görə, hesabat dövründə qeydə alınan cinayətlərin 44,6 faizi Bakı, 4,3 faizi Sumqayıt, 2,4 faizi Gəncə şəhərlərində, 2,5 faizi Cəlilabad, 2 faizi Abşeron, 1,9 faizi Xaçmaz, 1,7 faizi Masallı, 1,6 faizi Astara rayonlarında törədilib.
Törədilmiş cinayətlər nəticəsində 10 min 629 nəfər zərər çəkib, 1489 nəfər həlak olub. Həlak olanların 7,3 faizi yetkinlik yaşına çatmayanlardır.
Cinayətlərin 269-u qəsdən adamöldürmə və adam öldürməyə cəhd, 235-i qəsdən sağlamlığa ağır zərərvurma, 19-u isə adam oğurluğu hadisələrinə aiddir. Cinayətlərin 383-ü xarici vətəndaşlar tərəfindən törədilib.
Hesabat dövründə 2006-cı illə müqayisədə qeydə alınan cinayətlərdən quldurluq-11,2 faiz, oğurluq- 8,8 faiz, soğunçuluq-8,4 faiz, xuliqanlıq-6,7, zorlama və zorlamaya cəhdetmə faktları isə 2,9 faiz azalıb.
Əməliyyat-istintaq tədbirləri nəticəsində ötən il qeydə alınan cinayətlərin 14 min 838-nin üstü açılıb. Cinayətlərin1760-ı əvvəllər cinayət törətmiş şəxslər, 1728-i bir qrup şəxs, 590-ı sərxoş vəziyyətdə olan şəxslər tərəfindən və 428-i yetkinlik yaşına çatmayanlar tərəfindən törədilib.
2007-ci ilin yanvar-dekabr ayları ərzində 17 min 734 nəfər hüquq pozucusu aşkar edilib. Onların 77,2 faizi cinayət məsuliyyətinə cəlb olunub. Aşkar edilənlərin 82,7 faizi əmək qabiliyyətinə malik yaşda olub, lakin heç bir yerdə oxumayan, işlməyənlər, 8,6 faizi əvvəllər cinayət törətmiş şəxslər, 3,7 faizi sərxoş vəziyyətdə olan şəxslər və 14,1 faizi isə qadınlardır.
Ötən il 5382 təqsirləndirilən şəxs axtarışda olub. Onların da 70,6 faizi aşkar edilib.
Axtarışda olanların 5351-i istintaq, təhqiqat və məhkəmədən gizlənənlər, 23-ü cəzaçəkmə müəssisələrindən qaçanlar, 8-i isə cəza çəkməkdən boyun qaçıranlardır.