...

Müxalifətin birliyini yalnız komanda şəklində həyata keçirmək mümkündür -Azərbaycanın müxalifət lideri

Siyasət Materials 29 Mart 2008 12:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart / Trend ", müxbir Q.Cəbiyev/ Azərbaycanın müxalif Demokrat Partiyası (ADP) müxalifət liderlərini vahid mövqe sərgiləyə bilməməkdə suçlayır. "Azərbaycan müxalifətinin birliyinə inam olmasa, beynəlxalq aləm və xalq müxalifətə ciddi dəstək verməyəcək" şənbə günü Trend a ADP sədri, partiyanın prezidentliyə namizədi Sərdar Cəlaloğlu bildirib.

Azərbaycanda prezident seçkisi oktyabrda keçiriləcək. Əksər müxalifət partiyaları seçkidə iştirak etmək niyyətində olsa da, üç müxalifət partiyasının təmsil olunduğu "Azadlıq" bloku seçkini boykot etmək niyyətindədir. Hakim Yeni Azərbaycan Partiyası (YAP) isə seçkidə hazırkı dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürəcək.

Cəlaloğlu deyib ki, müxalifət birinci şəxslər səviyyəsində vahid mövqe sərgiləyə bilmirsə, birliyi yalnız komanda şəklində həyata keçirmək mümkündür. ADP-nin bu baxımdan "kölgə kabineti" yaratmaq istiqamətində iş apardığını bildirən Cəlaloğlu seçkilərə rəsmən start verildikdən sonra onun tərkibinin cəmiyyətə açıqlanacağını vurğulayıb. "Bizim ideya müxalifəti vahid komanda kimi birləşdirə bilər. Bu, indiki vəziyyətdə yeganə çıxış yoludur" ADP sədri əlavə edib.

Sağ təmayüllü partiya olan ADP 1991-ci ildə Cəlaloğlu tərəfindən təsis edilib. Partiya ötən ilin yanvarınadək iqtidara qarşı radikal müxalif mövqedə olub. Ötən ilin yanvarında ADP-nin hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kursu qəbul edilib. Buna etiraz olaraq keçmiş sədr Rəsul Quliyev və tərəfdarları ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Pariyasını (ACP) yaradıblar.

Xəbər lenti

Xəbər lenti