...

Azərbaycan və Rusiya uzunmüddətli perspektiv üçün vacib tərəfdaşdılar - "Trend" Şirkətinin Baş direktoru

Siyasət Materials 4 Aprel 2008 19:12 (UTC +04:00)
Azərbaycan və Rusiya uzunmüddətli perspektiv üçün vacib tərəfdaşdılar - "Trend" Şirkətinin Baş direktoru

Rusiya, Moskva, 04 aprel/ Trend , müxbir R.Ağayev/ Çoxəsrlik tarixə və ənənələrə malik Azərbaycan-Rusiya münasibətləri bu gün xüsusi məna kəsb etməyə başlayır. Bu barədə bu gün Moskvada "Azərbaycan 2008: inkişafa doğru sıçrayış" konfransında çıxış edən Trend İnformasiya Şirkətinin Baş direktoru İlqar Hüseynov bildirib.

Onun sözlərinə görə, Azərbaycan diasporu Rusiyada ən çoxsaylı və nüfuzlu diasporlardan biridir, ölkələr arasında biznes-əməkdaşlıq inkişaf edir, mal dövriyyəsi artır. "Rus mədəniyyəti, rus dili Azərbaycanda diqqətlə qorunur. Bakı Slavyan Universiteti uğurla fəaliyyət göstərir, mədəniyyət və incəsənət sahəsində birgə humanitar layihələr həyata keçirilir",- Hüseynov bildirib.

Baş direktorun sözlərinə görə, Azərbaycan Cənubi Qafqazın dominant ölkəsidir eyni zamanda, ciddi və sanballı tərəfdaşdır. "Bütün bunlar Azərbaycan və Rusiyanın uzunmüddətli perspektiv üçün ciddi tərəfdaş olduqlarını güman etməyə kifayət edir",- o hesab edir.

Eyni zamanda, Hüseynov qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi haqqında rəsmi bəyanatların fonunda bəzi Rusiya kanallarında Dağlıq Qarabağ haqqında tamamilə başqa, əks məzmunlu filmlər və informasiya təsvirləri nümayiş etdirilir.

"Biz, Azərbaycan milli mətbuatının nümayəndələri də Rusiyadan daha böyük anlayış gözləyirik. Əlbəttə, mətbuatın müstəqilliyi haqqında əsaslar gətirmək olar. Mən özüm müstəqilliyin lehinəyəm. Lakin həqiqətlər belədir ki, Azərbaycan ictimaiyyəti təkcə rəsmi bəyanatlara görə deyil, rus KİV-in fəaliyyətinə görə də, Rusiyanın mövqeyi haqqında mühakimə edir. Təəssüf ki, Azərbaycan haqqında qeyri-obyektiv materiallar etnoslararası, millətlərarası münasibətlərdə gərginliyə aparır, destruktiv siyasi proseslərə, parçalanma və əlaqələrin kəsilməsinə səbəb olur",- o bildirib.

Cənubi Qafqazdakı vəziyyət haqqında danışan Trend -in Baş direktoru qeyd edib ki, Ermənistanla Dağlıq Qarabağ münaqişəsi regionun ümumi inkişafına və onun dünya iqtisadi və siyasi məkanına inteqrasiyasına mane olur. "Bu vəziyyət, ilk növbədə, regionun daha dinamik inkişaf edən ölkəsi kimi, Azərbaycanın maraqlarına cavab vermir",- o bildirib.

Bütöv problemlər kompleksinə baxmayaraq, Azərbaycan qlobal xarakterli regional enerji və nəqliyyat layihələrini reallaşdıra bilir. "Lakin, bu uğurlar destruktiv qüvvələrdə kəskin ədavət doğurur. Biz Dağlıq Qarabağ münaqişəsinin tarixi qeyri-düzgün şərh etmiş, onun nizamlanması üzrə danışıqlar prosesində Azərbaycanın mövqeyini ləkələyən çox sayda təbliğat xarakterli xarici materiallarla qarşılaşırıq. Və mənə elə gəlir ki, Dağlıq Qarabağ probleminin həllini son dərəcə sadələşdirilmiş sxemlərə uyğunlaşdırmaq cəhdləri qabaqcadan və bilərəkdən edilir",- Hüseynov hesab edir.

Xəbər lenti

Xəbər lenti