...

NATO Dağlıq Qarabağ münaqişəsinin həllini yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində görür - səfir

Siyasət Materials 24 İyun 2008 15:47 (UTC +04:00)
NATO Dağlıq Qarabağ münaqişəsinin həllini yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində görür - səfir

Azərbaycan, Bakı, 24 iyun / Trend , müxbir S.Ağayeva / NATO Azərbaycanın ərazi bütövlüyünün lehinə çıxış edir.

"NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Ermənistan -Azərbaycan münaqişəsinin həllini yalnız ölkənin ərazi bütövlüyü prinsipi çərçivəsində görür", - deyə çərşənbə axşamı Azərbaycanın NATO - da daimi nümayəndəsi Kamil Xasıyev Bakıda jurnalistlərə bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Səfir bildirib ki, NATO-nun Ermənistan -Azərbaycan münaqişəsilə bağlı mövqeyi birmənalıdır və bu mövqe Alyansın sonuncu Buxarest sammitində təsdiq olunub. Sammitdə qəbul olunan sənəddə qeyd olunub ki, regiondakı mövcud münaqişələr yalnız ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Xasıyev bildirib ki, NATO Azərbaycan ilə əməkdaşlığı yüksək qiymətləndirir və ölkənin, üzərinə düşən vəzifələri yerinə yetirməsi üzrə əhəmiyyətli müvəffəqiyyətlər əldə etdiyini hesab edir.

Azərbaycan NATO ilə 1994-cü ildən "Sülh naminə tərəfdaşlıq" Proqramı çərçivəsində əməkdaşlıq edir və NATO standartlarına keçid üzrə fəal hərbi islahatlar aparır.

Ərazisində Dağlıq Qarabağ münaqişəsi olan Azərbaycanla NATO arasında əməkdaşlığın binövrəsi 1994-cü il mayın 4-də - "Sülh naminə tərəfdaşlıq" (SNT)- çərçivə sənədinin imzalanması ilə qoyulub. 1996-cı ilin aprelində Proqramın konkret qarşılıqlı istiqamətlərini müəyyənləşdirən rəsmi sənəd imzalanıb. Hazırda Azərbaycan SNT-yə müvafiq olaraq, üzrərinə düşən təxminən 50 tərəfdaş məsələni həll edir.

Ekspertlər ehtimal edir ki, Gürcüstan və Ukraynadan sonra, Azərbaycan NATO-ya üzvlüyə namizəd olacaq.

Müəlliflə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti