...

Ermənistan AŞ PA məruzəçisinin Cənubi Qafqaza səfər etməsinə imkan vermir - vitse-prezident

Siyasət Materials 7 İyul 2008 13:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 iyul / Trend , müxbir İ.Əlizadə / Azərbaycan parlamenti hesab edir ki, Ermənistan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Cənubi Qafqazda mədəni irsin vəziyyətinin öyrənilməsi üzrə məruzəçisi Edvard Oharanın bölgəyə səfər etməsinə imkan vermir.

"Azərbaycan Edvard Oharanın və buna oxşar missiyaların bölgəyə səfər etməsində maraqlıdır və səfərin baş tutmaması Ermənistanın yaratdığı problemlərlə bağlıdır", - deyə bazar ertəsi jurnalistlərə açıqlamasında AŞ PA-nın vitse-prezidenti, Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

Trend -un arayışı: 2005-ci ildə AŞ PA-nın Mədəniyyət, Elm və Təhsil Komitəsinin Cənubi Qafqazda mədəni irsin vəziyyətinin öyrənilməsi üzrə məruzəçisi təyin olunub. Bununla bağlı qəbul olunan qərarda qeyd olunub ki, məruzəçi Edvard Ohara tez bir zamanda Azərbaycan, Gürcüstan və Ermənistana səfər etsin. Lakin son üç ildə onun səfəri baş tutmayıb.

Azərbaycan məruzəçinin ölkəyə səfərinə şərait yaratmağa hazır olduğunu bildirib. Rəsmi Bakı hesab edir ki, Ohara Azərbaycan ərazisindən keçməklə ermənilərin işğalı altında olan Dağlıq Qarabağa səfər etməli və oradakı Azərbaycan abidələrinin vəziyyətini öyrənməlidir. Eyni zamanda, məruzəçi Ermənistan ərazisində olan qədim Azərbaycan abidələrinin vəziyətini öyrənməlidir. Ermənistan isə məruzəçinin Dağlıq Qarabağa Azərbaycan ərazisindən keçməklə səfər etməsi ilə razılaşmır.

Ermənistan iddia edir ki, Azərbaycan Naxçıvan Muxtar Respublikasında olan qədim "erməni abidələri"ni dağıdıb və məruzəçinin Naxçıvana səfər etməsini tələb edir. Azərbaycan Oharanın Naxçıvana səfər etməsinə şərait yaratmağa hazır olduğunu bəyan edib.

Ötən həftə Ohara üzləşdiyi siyasi çətinliklərlə bağlı bölgəyə səfər etməkdən imtina edib.

Seyidov bildirib ki, hər bir səfər, o cümlədən AŞ PA məruzəçisinin bölgəyə gəlməsi qanun və beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilməlidir.

"Bu, hamıya, o cümlədən beynəlxalq qanunların müdafiəsi ilə məşğul olan AŞ PA məruzəçilərinə də şamil olunmalıdır. Başqa variant ola bilməz", - deyə AŞ PA-nın vitse-prezidenti əlavə edib.

Oharanın Cənubi Qafqaz bölgəsinə səfərdən imtina etməsinə gəlincə, Seyidov bildirib ki, bu daha çox AŞ PA komitəsinin səlahiyyətlərinin icra olunması məsələsidir. Ona görə də məruzəçinin səfərdən imtina etməsi AŞ PA missiyasının bölgəyə gəlməyəcəyi demək deyil.

Onun sözlərinə görə, rəsmi Bakı məruzəçinin Azərbaycan ərazisindən Dağlıq Qarabağa getməsinə tam şərait yaratmağa hazırdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti