...

Azərbaycanda müxalifətin koalisiya yaratmaq istəyi bizi narahat etmir-hakim partiyanın təmsilçisi

Siyasət Materials 7 Avqust 2008 17:39 (UTC +04:00)
Azərbaycanda müxalifətin koalisiya yaratmaq istəyi bizi narahat etmir-hakim partiyanın təmsilçisi

Azərbaycan, Bakı, 07 avqust / Trend , müxbir E.Babayev/ Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası bəyan edib ki, bəzi müxalifət partiyalarınının prezident seçkisində iştirakdan imtina qərarı verməsi gözlənilən idi.

"YAP-ın sıralarından seçki prosesinə təxminən 30 min adam cəlb olunub. Belə bir sosial baza hər hansı digər müxalifət partiyasında yoxdur. Bu cür partiyaların seçkiyə qoşulub, namizədliyinin qeydə alınması üçün 40 min imza toplaması real deyil." Trend məlumatına görə, bunu cümə axşamı YAP-ın icraçı katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək. Müxalifəti təmsil edən Müsavat, Demokrat, Klassik Xalq Cəbhəsi partiyaları, üç müxalifət partiyasının (Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku seçkiləri boykot edəcəyi barədə qərar verib. Vətəndaş Həmrəyliyi, Kommunist, Böyük Quruluş partiyaları isə, seçkidə öz namizədi ilə çıxış etməyəcək. Milli İstiqlal, Açıq Cəmiyyət, Sosial - Demokrat partiyaları və "Azərbaycan Naminə" İctimai Forumun prezidenti Eldar Namazov yaxın günlərdə qərar verəcəklər.

Ümid Partiyasının sədri İqbal Ağazadənin, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən rəsmən irəli sürülüb.

Hakim Yeni Azərbaycan Partiyası indiki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürüb.

Təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülən isə, Yaşıllar Partiyasının sədri Mais Güləliyevdir. Öz namizədliyini irəli sürənlər - işsiz Yaşar Əhmədov, təqaüdçü Əlimuxtar Əkbərov, Sumqayıt Mərkəzi Xəstəxanasının sanitarı Sevinc Quliyeva, həkim Vüqar Seyidov, Milli Elmlər Akademiyasının Fizika İnstitutunun elmi işçisi Qüdrət İsaqovdur. 

Novruzovun sözdlərinə görə, müxalifətin sosial bazası olmadığından, onların seçkidə iştirak etmək imkanları məhduddur.

"Müxalifətin koalisiya yaratmaq istəməsi bizi narahat etmir və onların addımlarının heç bir təhlükəsi yoxdur. Biz müxalifətlə açıq, demokratik mübarizəyə hazırıq" - deyə Novruzov vurğulayıb.

Trend -un arayışı: Seçkiləri boykot edən partiyaların rəhbərləri koalisiyanın yaradılmasının mümkünlüyünü açıqlayırlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti