Azərbaycan, Bakı, 02 oktyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin bu gün keçirilən iclasında Rusiya ilə dostluq və tərəfdaşlıq haqqında bəyannamə təsdiq edilib.
Trend xəbər verir ki, parlamentin payız sessiyasının cümə axşamı keçirilən ilk iclasında "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq və strateji tərəfdaşlıq haqqında" bəyannamə təsdiq edilib. Sənəd 2008-ci ilin iyulun 3-də Azərbaycan prezidenti İlham Əliyev və Russiyanın dövlət başçısı Dmitri Medvedyev arasında Bakıda imzalanıb.
Bəyannamədə qeyd olunub ki, tərəflər strateji xarakter daşıyan bərabər hüqüqlu, qarşılıqlı faydalı və konstruktiv ikitərəfli münasibətlərin hərtərəfli inkişafını davam etdirəcəklər.
"Tərəflər ikitərəfli münasibətlərin bütün sahələrində, qarşılıqlı maraq doğuran beynəlxalq və regional problemlərə dair müxtəlif səviyyələrdə siyasi dialoqu dərinləşdirəcək və genişləndirəcəklər. Tərəflər Azərbaycan və Russiya subyektləri arasında əməkdaşlığın genişləndirilməsinin mühüm əhəmiyyətini qeyd edirlər", - bəyənnamədə qeyd olunub.
Sənəddə bildirilib ki, tərəflər ATƏT-in Minsk Qrupu həmsədrlərinin, həmçinin Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll edilməsinə yardım göstərilməsi üzrə səy göstərmələrinə əhəmiyyət verirlər.
"Azərbaycan və Rusiya Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn tanınmış norma və prinsipləri əsasında, ilk növbədə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə riayət olunması və təmin edilməsi, həmçinin BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in qərarları əsasında tezliklə nizamlanmasının əhəmiyyətini vurğulayırlar" - bəyannamədə bildirilib.
Tərəflər hərbi və hərbi texniki əməkdaşlığı gücləndirmək və genişləndirməyə dair niyyətlərini bəyan ediblər. Sənəddə o da qeyd olunub ki, tərəflər MDB-nin effektliyinin artırılmasına yardım göstərəcəklər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]