Azərbaycan, Bakı, 16 oktyabr/ Trend , müxbir C.Babayeva/ Azərbaycanda prezident seçkiləri milli seçki qanunvericiliyinə və beynəlxalq standartlara uyğun azad, demokratik və açıq keçirilib, - Qazaxstan MSK-sının bəyanatında qeyd olunub.
MSK-nın nümayəndələri oktyabrın 15 -də Azərbaycanda keçirilmiş prezident seçkilərini müşahidə ediblər. İlkin nəticələrə əsasən, İlham Əliyev seçicilərin 89,04 faiz səsini toplayıb, - çərşənbə günü mətbuat konfransında Azərbaycan MSK-nın sədri Məzahir Pənahov deyib.
"Azərbaycanın Seçki Məcəlləsi ədalətli, şəffaf və düzgün seçkilər üçün qanunvericilik bünövrəsini təmin edir və ölkə vətəndaşlarına azad seçmək və seçilmək üçün Konstitusiya hüququnu reallaşdırmağa imkan verir", - bəyanatda qeyd olunub.
Bununla yanaşı, tərəfimizdən kütləvi xarakter daşımıyan texniki çatışmazlıqlar müəyyənləşdirilib ki, bunlar da seçkilərin son nəticələrinə əhəmiyyətli dərəcədə təsir edə bilməz.
Oktyabrın 15-də Azərbaycanda prezident seçkisi keçirilib.
Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edib.
MSK-nın ilkin nəticələrinə əsasən, İqbal Ağazadə 2,78 faiz, Fazil Qəzənfəroğlu 2,40 %, Qüdrət Həsənquliyev 2,22 faiz, Qulamhüseyn Əlibəyli 2,18 faiz, Fuad Əliyev 0,75 faiz, Hafiz Hacıyev 0,62 faiz səs toplayıb.
Azərbaycanın Mərkəzi Seçki Komissiyası tərəfindən 4 milyon 866 582 min seçici qeydə alınıb. Prezident seçkiləri ilə əlaqədar olaraq, 5359 seçki məntəqəsi açılıb. Onların 5148-i daimi, 33-ü Azərbaycanın xaricdəki səfirlik, konsulluq və daimi nümayəndəliklərindədir.
Azərbaycanda seçkini dünyanın 60-a yaxın ölkəsindən 1233 nəfər müşahidə edib. Mərkəzi Seçki Komissiyası tərəfindən ən böyük missiyalar Avropa Şurası, ATƏT, MDB-dən qeydə alınıb.