...

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi Hacı Məmmədovun dəstəsinin daha bir üzvünü həbs edib

Siyasət Materials 29 Oktyabr 2008 02:26 (UTC +04:00)

Azərbaycan, Bakı 29 oktyabr / Trend / Qəsdən adam öldürmə, adam oğurluğu və digər cinayətlərə görə məhkum olunmuş Hacı Məmmədovun başçılıq etdiyi dəstənin törətdiyi cinayət işi üzrə Abşeron rayon polis şöbəsinin keçmiş rəisi Məmmədəli Əliyev həbs edilib.

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin yaydığı məlumatda bildirilir ki, 1993-cü il mayın 10-da Samur-Abşeron kanalının Xızı rayonunun Sitalçay kəndi ərazisindəki su nasosu stansiyasında suyun içərisindən şəxsiyyəti məlum olmayan kişi cinsindən olan meyit tapılmışdır. Naməlum meyitin 1952-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Arıxlı kəndində doğulmuş, Bakı şəhərində yaşayan Piriyev Cavanşir Qurban oğlu olduğu və sonuncunun 1993-cü il aprelin 13-də saat 14-00 radələrində idarə etdiyi "QAZ-2410" markalı avtomaşında evdən çıxıb getdiyi və o vaxtdan itkin düşdüyü müəyyən edilmişdir. Faktla bağlı zəruri istintaq-əməliyyat tədbirlərinin yerinə yetirilməsinə baxmayaraq, Cavanşir Piriyevi qətlə yetirən şəxsləri və avtomaşının yerini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən 1994-cü il mayın 30-da cinayət işinin istintaqı dayandırılmışdır.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən "Qara kəmər" şərti adı altında həyata keçirilmiş əməliyyat nəticəsində zərərsizləşdirilmiş Hacı Məmmədovun qəsdən adam öldürmə, adam oğurluğu, hədə-qorxu ilə tələb etmə, banditizm, cinayətkar birlik yaratma, qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə etmə, saxlama, eləcə də digər ağır və xüsusilə ağır cinayətlər törətməkdə təqsirli bilinərək məhkum olunması, habelə həmin cinayətləri törətmə üslubu Cavanşir Piriyevin öldürülməsində onun iştirak etməsini ehtimal etməyə əsas vermişdir.

Sadalanan həmin hallarla əlaqədar Cavanşir Piriyevin naməlum şəxslər tərəfindən öldürülməsi ilə bağlı cinayət işi üzrə icraat təzələnmiş və Xızı şəhər prokurorluğunun icraatından götürülüb istintaqın davam etdirilməsi üçün Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinə göndərilmişdir.

İstintaqla müəyyən edilmişdir ki, Cavanşir Piriyev, 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 57-ci (vətənə xəyanət), 17,59-cu (terror aktında iştirakçılıq) maddələri və 70-2-ci maddəsinin 1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qrupların yaradılması) hissəsi ilə 1995-ci ildən beynəlxalq axtarışda olan, əvvəllər Abşeron rayon polis şöbəsinin rəisi işləmiş Məmmədəli Əliyev tərəfindən qətlə yetirilmişdir.

Məmmədəli Əliyevin törətdiyi bu cinayət faktı müəyyən edildikdən dərhal sonra onun tezliklə tutulması üçün bütün hallar, ehtimal və mülahizələr intensiv surətdə və diqqətlə təhlil olunmuşdur. Bunun nəticəsi olaraq, keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Məmmədəli Əliyevin gizləndiyi yer müəyyənləşdirilmiş və 2008-ci il oktyabrın 28-də o, Bakı şəhəri, Sabunçu rayonu Nardaran bağ massivindəki bağ evində yaxalanmışdır.  

Cinayət işi ilə bağlı bütün halların araşdırılması, hadisəni törətmiş şəxslərin tam dairəsinin müəyyən edilməsi, hüquqazidd əməllərin aşkarlanması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

Məqalə müəllifi ilə əlaqə ünvnanı: [email protected]

Xəbər lenti

Xəbər lenti