Əfqanıstan, Kabil, 25 noyabr/ Trend , müxbir A.Hakimi/ Əfqanıstan hakimiyyəti 25000 ton ərzaq almaq qərarına gəlib. Məqsəd onun ölkədə bundan sonra da ucuz satılmasıdır. Ölkənin kənd təsərrüfatı naziri Asif Rəhimi bildirib ki, şimal əyalətlərinə ərzaq yardımı göndərilməsi indiyədək davam edir.
Kənd təsərrüfatı və kənd rayonlarının bərpası nazirləri bildiriblər ki, hökumət kifayət qədər ərzaq məhsulu alıb və ölkənin ticarət şəbəkələrinə ucuz qiymətlərlə paylayıb.
Tadarükə ötən həftə Məzari - Şərif regionundan başlanılıb.
Əfqanıstanın şimal əyalətlərindəki quraqlıq ölkədə ərzaq çatışmazlığı yaradıb. Hökumət humanitar fəlakətin qarşısını almaq üçün ciddi tədbirlər görüb.
Ölkənin ucqar regionlarına ərzaq tədarükü BMT-nin Ümumdünya Ərzaq Proqramı çərçivəsində həyata keçirilir.
Vəzifəli şəxslər təsdiq edirlər ki, artıq 826000 ton ərzaq məhsulu Bəlx əyalətinin uzaq dairələrinə göndərilib və əhaliyə paylanıb.
Aztəminatlı ailələr arasında yardımın pulsuz paylanması qışacan başa çatdırılmalıdır;qışda ayrı - ayrı rayonlara ərzaq tədarükü çətinləşəcək.
Ötən ay aparıcı xarici tədqiqat mərkəzlərinin ekspertləri xəbərdarlıq ediblər ki, qışadək əhaliyə təcili ərzaq yardımı göstərilməzsə, Əfqanıstanda humanitar fəlakət yaranacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı [email protected]