Türkmənistan, Aşqabad, 23 fevral / Trend -un müxbiri E.Həsənov /
Türkmənistan XİN-in press-relizində deyilir ki, Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun 24 fevraldan etibarən Özbəkistana baş tutacaq səfəri "qarşılıqlı əlaqələrə təkan verməklə yanaşı iki qardaş xalq arasında olan bağları da möhkəmləndirəcək".
Türkmənistan və Özbəkistan respublikaları arasında diplomatik əlaqələr 1993-cü ildə qurulub. Xarici siyasət idarəsi qeyd edir ki, türkmən-özbək münasibətlərinin irəliləyən inkişafı mütəmadi siyasi dialoqa, ticarət sahəsində əməkdaşlığın genişlənməsinə və sıx humanitar əməkdaşlığa əsaslanır. Ölkələr arasında 80-dən artıq dövlətlərarası, hökumətlərarası və nazirliklərarası razılaşmalar mövcuddur.
Özbəkistan prezidenti İslam Kərimovun 2007-ci ilin oktyabr ayında Aşqabada baş tutan səfəri və Qurbanqulu Berdıməhəmmədovun 2008-ci ilin mart ayında baş tutan cavab səfəri iki ölkə arasındakı münasibətlərin vacib mərhələsidir.
İkitərəfli münasibətlərin dinamik inkişafının əsas göstəricilərindən biri də ölkələr arasında ildən ilə artan ticarət dövriyyəsidir. 20008-ci ildə ticarət dövriyyəsində 35% artım müşahidə edilib. Türkmənistan qonşu ölkəyə neft məhsulları, kimya, tekstil sənayesi və kənd təsərrüfatı malları, plastmass və ondan hazırlanan məhsullarla yanaşı digər mallar da ixrac edir. Özbəkistan da öz növbəsində, kimya sənayesi malları, tikinti materialları, təsərrüfat və elektrik avadanlıqları, metal əşyalar, nəqliyyat vasitələri ilə qonşu ölkəni təmin edir.
İqtisadi əməkdaşlıq sahəsində fəaliyyət göstərən dövlətlərarası komissiyanı qarşılıqlı əlaqələrin effektli formatı saymaq olar. Ötən ilin əvvəllərində Aşqabadda türkmən-özbək komissiyasının üçüncü iclası baş tutdu. Sözügedən iclasda Özbəkistan Respublikasının Milli sərgisi də düzənlənib. Cari ilin fevral ayının 12-13-də Daşkənddə dövlətlərarası komissiyanın növbəti, dördüncü iclası baş tutub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]