...

Azərbaycan prezidenti Daxili İşlər Nazirliyinin avtomatlaşdırılmış idarəetmə mərkəzinin açılışında iştirak edib

Siyasət Materials 24 Fevral 2009 13:48 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Bakıda Daxili İşlər Nazirliyinin "Təhlükəsiz şəhər" avtomatlaşdırılmış idarəetmə mərkəzinin açılışında iştirak edib, AzərTAc dövlət agentliyi məlumat yayıb.

Mərkəz paytaxtda hüquq qaydasına riayət edilməsinə nəzarətin videomüşahidə vasitəsilə həyata keçirilməsinə, fasiləsiz şəkildə canlı izlənilməsinə, qanunazidd hallara, fövqəladə vəziyyətlərə çevik reaksiya verilməsinə imkan yaradacaq.

İlkin mərhələdə Bakı şəhəri üzrə 200 nöqtədə 555 videokamera quraşdırılıb. Türkiyənin "Ekin" şirkəti tərəfindən quraşdırılan avadanlıq Yaponiya, Belçika və ABŞ-ın tanınmış şirkətlərinin istehsalıdır.

"Təhlükəsiz şəhər" layihəsinin icrasına 10 milyon manat vəsait ayrılıb.

Dövlət başçısının tapşırığına əsasən, Bakıda bütövlükdə 4 minədək kameranın quraşdırılması planlaşdırılır. Mərkəzin qeydə aldığı qanun pozuntuları və vətəndaşlara qarşı törədilən digər hüquqazidd əməllər barədə dərhal Daxili İşlər Nazirliyinin "102" zəng xidmətinə məlumat verilir və öz növbəsində xidmət bu məlumatı yerli polis orqanlarına ötürür.

"Təhlükəsiz şəhər" sistemi Azərbaycan prezidenti İlham Əliyevin 2004-cü il iyunun 30-da təsdiq etdiyi "Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı" çərçivəsində həyata keçirilən ən müasir və səmərəli layihələrdən biridir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti