Gürcüstan, Tbilisi, 12 may / Trend , müxbir N.Kirtsxaliya /
"Gürcüstan rəhbərliyinin müxalifətə verdiyi təkliflər Avropa İttifaqının tövsiyələrinə uyğundur", - "Rustavi 2" telekanalına müsahibəsində Aİ-nin Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Piter Semnebi deyib.
O, Gürcüstan Prezidenti Mixail Saakaşvilinin bir müddət əvvəl radikal və parlament müxalifətinin nümayəndələri ilə görüşdə səsləndirdiyi təklifləri "əhəmiyyətli" adlandırıb.
Konstitusiyaya dəyişikliklər üzrə müxalif siyasətçinin başçılıq edəcəyi komissiyanın yaradılması, yeni Seçki Məcəlləsi üzərində iş, KİV, məhkəmə və siyasi sistemlərdə islahatlar aparılması təklif edilib.
"Bu, hazırda ən aktual olan məsələlərdir. Əsas odur ki, tərəflər dialoqa hazır olsun, amma bu dialoqun başlanması faktı da vacibdir", - Semnebi bildirib.
Eyni zamanda, Aİ nümayəndəsi bildirib ki, "dialoq Gürcüstandakı siyasi durumun həllinin yeganə yoludur". "Başqa heç nə nəticə verməyəcək və sadəcə ölkə üçün təhlükəlidir", - o hesab edir.
Semnebinin fikrincə, siyasi qarşıdurma danışıqlar stolu arxasında həll olunmalıdır. O hesab edir ki, Konstitusiyaya dəyişikliklər, Seçki Məcəlləsi və media islahatları dialoq üçün "yaxşı imkanlardır".
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]