Azərbaycan Prezidenti İlham Əliyev İordaniya kralı və xalqını Milli bayram - Müstəqillik günü münasibəti ilə təbrik edib. Məlumatı AzərTac Dövlət informasiya agentliyi yayıb.
"Azərbaycan-İordaniya münasibətlərinin hazırkı səviyyəsi böyük məmnunluq doğurur. Gündən-günə artan təmaslarımız, genişlənən əlaqələrimiz və qarşılıqlı maraq doğuran əməkdaşlığımız münasibətlərimizin çoxşaxəli perspektivlərə malik olduğunu bir daha təsdiqləyir", - Azərbaycan Prezidentinin İordaniya kralı II Abdullaya ünvanladığı təbrik məktubunda deyilir.
Dövlət başçısı iki ölkə arasında dostluq münasibətlərinin daim möhkəmlənəcəyinə, əməkdaşlığın hərtərəfli inkişaf etməsi və dərinləşdirilməsi istiqamətində birgə səylərin bundan sonra da ardıcıl şəkildə davam edəcəyinə əminliyini bildirib.