Azərbaycan, Bakı, 26 may / Trend , müxbir A.Hüseynbala /
Azərbaycan parlamentinin deputatı İranın Azərbaycanın daxili işlərinə qarışmaması üçün Xarici İşlər Nazirliyinin konkret addımlar atmasının təklif edir.
"İsrail Prezidentinin Azərbaycana səfərə gəlməsi iki dövlət arasındakı münasibətlərin daha yüksək səviyyədə qurulmasına təkan verəcək. Amma təəssüf edirəm ki, bu səfərlə bağlı İranın rəsmi dairələri çox böyük narahatlıq keçirir. Bundan əvvəl də dəfələrlə İran Azərbaycanın suveren hüquqlarına toxunub, beynəlxalq hüquq normalarını pozaraq daxili işlərimizə müdaxilə etməyə cəhdlər göstərib", - Trend -un məlumatına görə, parlamentin çərşənbə axşamı keçirilən iclasında Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirib.
Trend -un arayışı: İsrail Prezidenti Şimon Peresin yay aylarında Azərbaycana səfəri gözlənilir. İran rəsmiləri isə İsrail Prezidentinin Azərbaycana səfərinin yolverilməz olduğu barədə açıqlama veriblər.
Onun sözlərinə görə, İranın rəsmi dairələrindən səsləndirilən bu cür təhdidlərə Azərbaycanın Xarici İşlər Nazirliyi səviyyəsində münasibət bildirilməlidir.
"Azərbaycan müstəqil dövlətdir və siyasətini özü müəyyənləşdirir. Bəs İran Azərbaycan xalqının qanına əli bulaşmış, Xocalıda soyqırım törədilməsində iştirak edən Serj Sarkisyanı çox mehribancasına qarşılayıb, onunla hərtərəfli münasibətlər qurursa, bu, qonşuluq münasibətlərinə xələl gətirmirmi?" - deputat əlavə edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]