...

Azərbaycan və Latviya arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi artmaqdadır - Prezident İlham Əliyev

Siyasət Materials 11 Avqust 2009 21:01 (UTC +04:00)
Azərbaycan-Latviya arasında qarşılıqlı ticarət dövriyyəsinin göstəriciləri yüksək olmasa da, bu sahədə getdikcə irəliləyiş əldə olunur və ölkələrimiz arasında bu dövriyyənin həcmi artmaqdadır. AzTV telekanalının məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Azərbaycan-Latviya biznes-forumunda çıxışı zamanı bildirib.
Azərbaycan və Latviya arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi artmaqdadır - Prezident İlham Əliyev

Azərbaycan-Latviya arasında qarşılıqlı ticarət dövriyyəsi üzrə göstəricilər yüksək olmasa da, bu sahədə getdikcə irəliləyiş əldə olunur və ölkələrimiz arasında bu dövriyyənin həcmi artmaqdadır. AzTV telekanalının məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Azərbaycan-Latviya biznes forumunda çıxışı zamanı bildirib.

Prezident iki ölkə arasında iqtisadi əməkdaşlığın çox yaxşı prespektivləri olduğunu vurğulayıb və son bir neçə il ərzində ölkələrimiz arasında iqtisadi əməkdaşlıq sahəsində nəzərəçarpan nailiyyətlərin əldə olunduğunu deyib.

"Yaxşı siyasi münasibətlərin olması iki ölkənin işgüzar dairələrinə bir çox sahələrdə daha səmərəli şəkildə əməkdaşlıq etməyə imkan yaradır", - İlham Əliyev qeyd edib.

Prezident İlham Əliyev Azərbaycan-Latviya münasibətlərinin uğurla davam etdiyini və Latviya Prezidenti Valdis Zatlersin ölkəmizə səfərinin münasibətlərin inkişafında yeni səhifə açdığını vurğulayıb.

İlham Əliyev bildirib ki, dünən bir sıra hökumətlərarası sazişlər imzalanmaqla iki ölkə arasında münasibətlərin qanunverici əsasları genişləndirilib.

Prezident iki ölkənin iş adamlarının görüşünün münasibətlərin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

"Hesab edirəm ki, hökumətlərarası birgə iqtisadi komissiyanın rolu çox vacibdir. Çünki o, biznesmenlərə qarşılıqlı münasibət qurmağa, müxtəlif layihələri əlaqələndirməyə və daha cəlbedici sektorlara sərmayələrin qoyulmasına kömək edəcək. Dünənki müzakirələrdən sonra belə bir qənaətə gəldik ki, iqtisadiyyatlarımız bir-biri ilə rəqabət aparan iqtisadiyyatlar deyil. Biz bazar uğrunda rəqabət aparmırıq. Əksinə, iqtisadiyyatlarımız bir-birinə uğurlu şəkildə dəstək verə bilər", - deyə Prezident İlham Əliyev vurğulayıb.

Daha sonra çıxış edən Latviya Prezidenti bildirib ki, ölkəsində 29 Azərbaycan-Latviya birgə müəssisəsi fəaliyyət göstərir və yaxın zamanlarda bu sayın xeyli artacağına ümid edir, AzərTac informasiya agentliyi xəbər verir.

Zatlers qeyd edib ki, qlobal maliyyə böhranı iki ölkə arasında əmtəə mübadiləsinə toxunmayıb. Onun sözlərinə əsasən, Latviyadan Azərbaycana ixrac ötən il 2 dəfə, Azərbaycandan Latviyaya ixrac isə 30 faiz artıb. "2009-cu ilin birinci rübündə Latviya və Azərbaycan arasında əmtəə mübadiləsi üzrə artım davam edib", - Latviya Prezidenti bildirib. 

"Azərbaycan Latviya üçün çox mühüm və perspektivli tərəfdaşdır", - Valdis Zatlers qeyd edib.

Onun sözlərinə əsasən, Latviya Azərbaycanın yalnız ticarət tərəfdaşı deyil. "Biz həmçinin digər Avropa ölkələrində işlərin həyata keçirilməsi üçün strateji körpü ola bilərik", - Latviya Prezidenti bildirib.

O, forumun azərbaycanlı iştirakçılarını Skandinaviya və Mərkəzi Avropaya səfərləri zamanı Riqa hava limanından istifadə etməyə dəvət edib.

Latviya Prezidenti həmçinin bildirib ki, hər iki ölkə enerji təhlükəsizliyi ilə əlaqədar adekvat tədbirlər görməyə hazırlaşır. "Latviya Azərbaycanı Avropanın enerji resursları ilə təchizatında Qara dəniz-Xəzər regionunun əsas ölkəsi hesab edir", - o bildirib.

O, həmçinin gələcəkdə Azərbaycanın təbii qazının Avropaya "Nabukko" qaz kəməri ilə tədarükünə də ümid etdiyini bildirib.

Çərşənbə axşamı Latviya Prezidenti Valdis Zatlers və onun xanımı Lilita Zatlerenin Azərbaycanın Zaqatala, Şəki və Qəbələ rayonlarına səfərləri barədə məlumat verilir.

Xəbər lenti

Xəbər lenti